Nazir: Almaniyadan Azərbaycana gələn turistlərin sayı 25 minə çatıb

Nazir: Almaniyadan Azərbaycana gələn turistlərin

Azərbaycan ilə Almaniya arasında turizm əlaqələrində müsbət dinamika müşahidə olunur. Cari ilin ilk 10 ayında Almaniyadan Azərbaycana səfər edən turistlərin sayı 25 min nəfərə çatıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ötən il Almaniyadan Azərbaycana gələn turistlərin sayı 24 mindən çox olub. Cari ildə qeydə alınan göstərici isə bu istiqamətdə marağın artdığını nümayiş etdirir.

Ceyhun Bayramov iki ölkə arasında humanitar əlaqələrin də ənənəvi əməkdaşlıq istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, indiyədək minlərlə azərbaycanlı gənc Almaniyanın aparıcı universitetlərində təhsil alıb.

Nazir müxtəlif proqramlar çərçivəsində mindən çox Azərbaycan tələbəsinin Almaniyada təhsil aldığını bildirib. O, xüsusilə Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının əhəmiyyətini qeyd edib. Bu proqram vasitəsilə çoxsaylı azərbaycanlı tələbə Almaniyada təhsil almaq imkanı əldə edib.

Bayramov əlavə edib ki, Almaniyada birbaşa universitetlərin öz proqramları əsasında təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil. Həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında akademik əməkdaşlıq əlaqələri mövcuddur.