Türkiyə ölkə iqtisadiyyatına investisiya yatıran, lakin orada işləməyən əcnəbilər üçün yeni yaşayış icazəsi proqramına start verib. Yeni qaydalara əsasən, investisiyanın məbləğindən asılı olaraq xarici vətəndaşlar üç və ya beş il müddətinə yaşayış icazəsi əldə edə biləcəklər.
Türkiyənin rəsmi dövlət nəşri “Resmi Gazete”də dərc olunan məlumata görə, ən azı 150 min dollar və ya bu məbləğin digər xarici valyutada ekvivalenti həcmində investisiya yatıran şəxslərə üçillik yaşayış icazəsi veriləcək. İnvestisiyanın həcmi 200 min dollar və ya ekvivalentinə çatdıqda isə icazənin müddəti beş il olacaq.
Yeni imkan yalnız investoru deyil, onun əcnəbi həyat yoldaşını, yetkinlik yaşına çatmayan övladlarını və himayəsində olan uşaqları da əhatə edə bilər.
Proqram çərçivəsində investisiya üçün bir neçə istiqamət müəyyənləşdirilib. Xarici vətəndaşlar Türkiyə banklarında depozit hesabı aça, dövlət borc qiymətli kağızları ala, həmçinin daşınmaz əmlak investisiya fondlarına və ya vençur kapitalı fondlarına vəsait yönəldə bilərlər.
Yeni yaşayış icazələrinin verilməsi və müraciət prosedurunun detalları Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, bu proqram investorlara avtomatik olaraq Türkiyə vətəndaşlığı əldə etmək hüququ vermir. Vətəndaşlıq üçün ayrıca investisiya proqramı qüvvədədir. Həmin proqram çərçivəsində daşınmaz əmlaka ən azı 400 min dollar, digər müəyyən edilmiş aktivlərə isə minimum 500 min dollar investisiya yatırılması tələb olunur.
MONETAR.AZ