2025-ci ildə Avropa ölkələrindən xaricə yönəldilən birbaşa investisiyaların həcmi təxminən 650 milyard dollar təşkil edib. Ən böyük investor Lüksemburq olub. Əhalisi 1 milyondan az olan ölkə il ərzində xarici bazarlara 101,4 milyard dollar sərmayə yatırıb.
Monetar.az-ın BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2026-cı il Dünya İnvestisiya Hesabatına əsaslanan araşdırmasında Avropa ölkələrinin 2025-ci ildəki birbaşa xarici investisiya axınları müqayisə edilib.
Reytinqdə Lüksemburqdan sonra Almaniya 86,8 milyard dollarla ikinci, Böyük Britaniya isə 84,8 milyard dollarla üçüncü yerdə qərarlaşıb. Beləliklə, bu üç ölkənin xaricə yatırdığı investisiyaların ümumi həcmi Avropa üzrə göstəricinin 40 faizindən çoxunu təşkil edib.
İlk beşlikdə Niderland 58,1 milyard dollarla dördüncü, Fransa isə 57,2 milyard dollarla beşinci olub. İrlandiya 53,4 milyard dollarla altıncı, İsveçrə 37,4 milyard dollarla yeddinci, Danimarka 35,6 milyard dollarla səkkizinci yerdə qərarlaşıb.
İspaniya 31,3 milyard dollarla doqquzuncu, İtaliya isə 29,8 milyard dollarla onuncu olub. Türkiyə 9,3 milyard dollarla 15-ci yerdə qərarlaşıb. Rusiya isə 12,9 milyard dollar investisiya ilə 12-ci sırada yer alıb.
Araşdırmada diqqətçəkən məqamlardan biri də beş Avropa ölkəsində xaricə birbaşa investisiya axınının mənfi qeydə alınmasıdır. Belçikada bu göstərici mənfi 18,6 milyard dollar, Kiprdə mənfi 6,2 milyard dollar, Avstriyada mənfi 1,2 milyard dollar təşkil edib. İslandiya və Xorvatiyada da müvafiq olaraq 493 milyon və 306 milyon dollar mənfi nəticə qeydə alınıb.
Qeyd edək ki, birbaşa xarici investisiyalara xarici şirkətlərdə uzunmüddətli iştirak, müəssisələrin alınması, yenidən investisiya qoyulan gəlirlər və şirkətlərarası kreditlər daxildir. Mənfi göstərici investisiyaların geri çəkilməsi, aktivlərin satılması və ya şirkətlərarası borcların qaytarılması ilə bağlı ola bilər.