Şimali Amerikanın neft iştahı Afrikadan 18 dəfə böyükdür

Şimali Amerikanın neft iştahı

2025-ci ildə adambaşına düşən illik neft istehlakına görə Şimali Amerika dünya regionları arasında ilk sırada qərarlaşıb. Regionda hər nəfərə orta hesabla 22,14 barel neft düşür. Bu, qlobal orta göstəricidən təxminən 4,8 dəfə çoxdur.

Monetar.az xəbər verir ki, Eni şirkətinin “World Energy Review 2026” hesabatının məlumatları əsasında hazırlanan reytinqdə Yaxın Şərq 11,68 barellə ikinci, Avropa isə 7,75 barellə üçüncü yerdə qərarlaşıb.

İlk beşlikdə sonrakı yerləri Rusiya və Mərkəzi Asiya (6,69 barel), Mərkəzi və Cənubi Amerika (4,85 barel) tutur. Asiya-Sakit okean regionunda adambaşına illik neft istehlakı 3,27 barel təşkil edib.

Afrika isə 1,24 barellə siyahının sonuncu pilləsində yer alıb. Beləliklə, Şimali Amerikada adambaşına neft istehlakı Afrikadakından təxminən 18 dəfə yüksəkdir.

Şimali Amerikada yüksək göstərici avtomobillərdən geniş istifadə, uzun məsafəli gündəlik səfərlər, yükdaşımalar, aviasiya və sənaye fəaliyyəti ilə əlaqələndirilir. Yaxın Şərqdə nəqliyyat və neft-kimya sənayesi, eləcə də bəzi ölkələrdə yanacağın nisbətən ucuz olması istehlakı artıran amillər sırasındadır.

Avropada isə şəhərlərin daha sıx məskunlaşması və ictimai nəqliyyat şəbəkəsinin genişliyi adambaşına neft istehlakının Şimali Amerika ilə müqayisədə aşağı olmasına təsir göstərir.

Afrikada göstəricinin aşağı olması bir sıra ölkələrdə avtomobilləşmə səviyyəsinin, sənaye fəaliyyətinin və nəqliyyat infrastrukturuna çıxışın məhdudluğu ilə izah olunur.

Qeyd edək ki, reytinqdə ölkələr üzrə nəticələr regionların orta göstəricilərindən xeyli fərqlənə bilər. 2025-ci ildə adambaşına neft istehlakına görə Sinqapur 93,63 barellə ilk sırada qərarlaşıb. Onu 84,41 barellə Kurasao izləyib. Bu yüksək göstəricilərdə beynəlxalq gəmiçilik və neft emalı kimi kommersiya fəaliyyətlərinin də payı var.