ABŞ-ın strateji neft ehtiyatı 1982-ci ilin oktyabrından bəri minimumu yeniləyib

ABŞ-ın strateji neft ehtiyatı 1982-ci ilin oktyabrından bəri

ABŞ-ın strateji neft ehtiyatlarının həcmi son 44 ilin minimumuna enib. Noyabrın 13-nə olan məlumata əsasən, ölkənin fövqəladə hallar üçün nəzərdə tutulan neft ehtiyatında cəmi 276,4 milyon barel xam neft qalıb.

ABŞ Energetika Nazirliyinin məlumatlarında bildirilir ki, bu, 1982-ci ilin oktyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. Hesabat həftəsində strateji ehtiyatların həcmi təxminən 3,1 milyon barel azalıb.

Ehtiyatların səviyyəsi avqustun sonlarından etibarən 1982-ci ilin minimum göstəricilərini ardıcıl olaraq yeniləyir. Oktyabrın əvvəlində strateji ehtiyatlarda 283 milyon barel neft olduğu halda, noyabrın əvvəlindən azalma tempi daha da sürətlənib.

ABŞ-da strateji neft ehtiyatları 1975-ci ildə, dünya enerji böhranından sonra Konqresin qərarı ilə yaradılıb. Bu ehtiyatın əsas məqsədi fövqəladə vəziyyətlərdə ölkənin enerji təminatının təhlükəsizliyini qorumaq və mümkün tədarük fasilələrinin təsirini azaltmaqdır.

Mart ayında ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Enerji Agentliyi ilə razılaşma çərçivəsində strateji ehtiyatlardan 172 milyon barel neftin bazara çıxarılması barədə sərəncam verib. Bu addım Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin kəskin yüksəlməsi və qlobal tədarük zəncirində yaranan fasilələrlə əlaqələndirilib.

MONETAR.AZ