FED-in faiz planları qızılın başı üzərində qara buludlara çevrilir

FED-in faiz planları qızılın başı üzərində

Dünya bazarında qızılın qiyməti 3 860 dollar ətrafında dəyişib. Qiymətlər əvvəlki gün qeydə alınan son bir ildən artıq müddətin minimum səviyyəsi olan 3 830 dollara yaxın qalmaqda davam edir. ABŞ dollarının mövqeyinin güclənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilər qızıl bazarına təzyiq göstərir.

Monetar.az xəbər verir ki,bazarlar FED-in dekabr ayında faiz dərəcəsini 0,25 faiz bəndi artırmasına 93% ehtimal verir. Daha böyük, 0,50 faiz bəndlik artım ehtimalı isə 7% səviyyəsində qiymətləndirilir.

FED rəsmilərinin son açıqlamaları da sərt pul siyasəti gözləntilərini gücləndirib. Sent-Luis Federal Ehtiyat Bankının prezidenti Alberto Musalem yaxın aylarda bir neçə faiz artımını dəstəklədiyini bildirib. Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hemak isə faizlərin tədricən artırılmasının tərəfdarı olduğunu, lakin inflyasiya təzyiqləri güclənərsə, daha kəskin addımların da mümkünlüyünü vurğulayıb.

İnvestorlar hazırda çərşənbə günü açıqlanacaq Federal Açıq Bazar Komitəsinin (FOMC) son iclasının protokollarını gözləyirlər. Sənəd FED-in gələcək pul siyasəti ilə bağlı əlavə siqnallar verə bilər.

Faiz dərəcələrinin yüksəlməsi faiz gəliri gətirməyən qızılın investisiya cəlbediciliyini azaldır. Buna görə də FED-in daha sərt pul siyasətinə üstünlük verməsi qiymətli metalın qiymətinə əlavə təzyiq göstərə bilər.