Avrozonada iqtisadi artım proqnozu yüksəldi

Avrozonada iqtisadi artım

Avropa Komissiyası avrozonanın 2026-cı il üzrə iqtisadi artım proqnozunu 0,9%-dən 1,2%-ə qaldırıb. Qurumun gözləntilərinə görə, iqtisadi artım 2027-ci ildə də 1,2%, 2028-ci ildə isə 1,3% olacaq.

Monetar.az xəbər verir ki, Avropa Komissiyasının payız proqnozunda yüksək enerji qiymətlərinə baxmayaraq, Avropa iqtisadiyyatının dayanıqlılığını qoruduğu bildirilir. Qlobal süni intellekt investisiyalarının artması da regionun ixracına müsbət təsir göstərən amillərdən biri kimi qeyd olunur.

Bununla yanaşı, Avropa Komissiyası büdcə kəsirlərinin artacağını gözləyir. Buna səbəb kimi dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi ilə hökumətlərin faiz ödənişlərinin artması göstərilir.

Avropanın böyük iqtisadiyyatları arasında ən ciddi dəyişiklik Almaniyanın proqnozunda baş verib. Ölkə iqtisadiyyatının 2026-cı ildə 1,3% böyüyəcəyi gözlənilir. Yaz proqnozunda bu göstərici cəmi 0,2% idi. Almaniyada iqtisadi artımın 2027-ci ildə 1%-ə, 2028-ci ildə isə 0,7%-ə enəcəyi proqnozlaşdırılır.

Fransa üzrə gözləntilər isə pisləşib. Ölkənin 2026-cı il üçün iqtisadi artım proqnozu 0,8%-dən 0,4%-ə endirilib. 2027-ci ildə 0,6%, 2028-ci ildə isə 1,4% artım gözlənilir.

İspaniya əsas Avropa iqtisadiyyatları arasında ən yüksək artım tempini qoruyacaq. Ölkə iqtisadiyyatının 2026-cı ildə 2,6%, 2027-ci ildə 2,1%, 2028-ci ildə isə 1,9% böyüməsi proqnozlaşdırılır.

İtaliya iqtisadiyyatı üzrə artımın isə 2026-cı ildə 1%, 2027-ci ildə 0,7%, 2028-ci ildə 0,8% təşkil edəcəyi gözlənilir.