Polşa hökuməti fərdi istehlakçılar üçün qaz qiymətlərini mövcud səviyyədə saxlamaq qərarına gəlib. Qərara əsasən, əhali 1 MVt/saat qaz üçün 197,29 zloti (44,8 avro) ödəməyə davam edəcək.
Monetar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk açıqlayıb. Baş nazirin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazında yaranan böhran səbəbindən qaz qiymətləri davamlı olaraq artır. O, müharibədən əvvəlki qiymətlərlə hazırkı bazar qiymətləri arasındakı fərqin ciddi narahatlıq doğurduğunu bildirib.
Polşada əhali üçün qaz tarifləri Enerji Tənzimləmə İdarəsi tərəfindən müəyyən edilir. Ölkə 2022-ci ildə başlayan enerji böhranı zamanı da ev təsərrüfatları üçün qaz qiymətlərinə məhdudiyyət tətbiq etmiş və bu tədbirləri sonradan bir neçə dəfə uzatmışdı.
Qeyd edək ki, Polşa 2022-ci ildən Rusiya qazından imtina edib. Hazırda ölkənin qaz təchizatı əsasən Svinuysçe şəhərindəki mayeləşdirilmiş təbii qaz terminalı, Norveç yataqlarını Polşa ilə birləşdirən Baltic Pipe kəməri, yerli hasilat və digər ölkələrlə qaz bağlantıları hesabına təmin olunur.