Çin uran ehtiyatlarını yüz minlərlə tona çatdırmaq istəyir

Çin uran ehtiyatlarını yüz minlərlə tona

Çinin uran alışları ənənəvi ehtiyatların idarə olunmasından daha çox, uzunmüddətli geosiyasi strategiyanın tərkib hissəsi ola bilər. Jefferies analitiklərinin fikrincə, Pekin nüvə energetikasının sürətlə genişləndirilməsini təmin etmək və mümkün tədarük məhdudiyyətlərindən qorunmaq üçün onilliklərə hesablanmış yanacaq ehtiyatı formalaşdırmağa çalışır.

Analitiklər Lourens Aleksandr və Çarlz Boakyenin noyabrın 11-də yayımlanan hesabatında bildirilir ki, Çinin uran alışları ölkənin nüvə energetikası proqramını təchizat fasilələri, sanksiyalar və geosiyasi qeyri-sabitlikdən qorumağa yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.

Jefferies ekspertlərinin hesablamalarına görə, Çinin hazırkı nüvə enerjisi istehsal gücü təxminən 60 giqavatdır. Bu gücün fəaliyyəti üçün ölkəyə ildə 10–13 min ton uran tələb olunur.

Proqnozlara əsasən, Çinin nüvə enerjisi gücü 2030-cu ilədək 100–110 giqavata, 2035-ci ilədək isə 180–200 giqavata çata bilər. Bu artım illik uran tələbatını potensial olaraq 30–36 min tona yüksəldə bilər.

Belə perspektiv fonunda Jefferies gələcək tələbatı 5–7 il müddətinə qarşılaya biləcək ehtiyatların yaradılmasını məntiqli strateji hədəf hesab edir. Analitiklər bir neçə mümkün ssenari irəli sürürlər:

  • Baza ssenari: Uran ehtiyatlarının 200–250 min tona çatdırılması. Bu, təxminən 520–650 milyon funt uran oksidinə bərabərdir.

  • Yüksək geosiyasi gərginlik ssenarisi: Ehtiyat həcminin 250–350 min tonadək artırılması.

  • Ekstremal ssenari: Blokada və ya yüksək səviyyədə özünütəminetmə zərurəti yaranarsa, 350 min tondan artıq ehtiyatın formalaşdırılması.

Analitiklərin qənaətinə görə, Pekinin uran alışları üçün əvvəlcədən müəyyən edilmiş dəyişməz hədəfi olmaya bilər. Bunun əvəzinə, Çin əlavə tədarükün iqtisadi dəyərindən çox, onun strateji əhəmiyyətini nəzərə alaraq ehtiyatların həcmini tənzimləyə bilər.

Bu məqsədlə ölkə uzunmüddətli tədarük müqavilələrindən, uran hasilatı layihələrinə investisiyalardan, dövlətlərarası razılaşmalardan və spot bazarda əlverişli alış imkanlarından istifadə edə bilər.

Jefferies xəbərdarlıq edir ki, Çinin bu strategiyası qlobal uran bazarında “qamçı effekti” yarada bilər. Bu halda tədarük risklərində nisbətən kiçik artım bazar iştirakçılarının alış qərarlarında qeyri-mütənasib dərəcədə böyük reaksiyaya səbəb olur.

Belə şəraitdə Qərb ölkələrinin kommunal xidmət şirkətləri də gələcək tədarükü təmin etmək üçün daha fəal alışlara başlaya bilər. Nəticədə istehsalçılar qiymətlərin yüksələcəyi gözləntisi ilə spot bazara çıxarılan uranın həcmini məhdudlaşdıra, bu isə əlçatan təklifin azalmasına və qiymət təzyiqinin güclənməsinə gətirib çıxara bilər.

Bununla yanaşı, uranın saxlanma xərclərinin nisbətən aşağı olması və nüvə reaktorlarının yanacaqla təminatında yaranacaq çatışmazlığın ciddi nəticələr doğura bilməsi böyük həcmdə strateji ehtiyatların yaradılmasını iqtisadi baxımdan da əsaslandırır.

Analiz qlobal uran bazarı ilə bağlı mühüm bir sualı da gündəmə gətirir: hazırkı dünya tələbatı yalnız nüvə reaktorlarının faktiki yanacaq istehlakını əks etdirir, yoxsa Çinin strateji ehtiyat toplamaq siyasəti də bu göstəricilərin formalaşmasında getdikcə daha böyük rol oynayır?

MONETAR.AZ