Elektrikli avtomobillərinin əsas xammalı ucuzlaşır

Elektrikli avtomobillərinin

Çində litium karbonatın qiyməti noyabr ayında bir ton üçün 90 min yuan səviyyəsindən aşağı düşərək son bir ildən artıq müddətin minimumunu yeniləyib. Qiymətlərin geriləməsinə elektrik avtomobillərinə tələbin zəifləyəcəyi gözləntiləri və bazarda litium ehtiyatlarının artması təsir göstərib.

Monetar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) gələn ildən etibarən Çindən elektrik avtomobillərinin idxalına illik 350 min ədəd həcmində məhdudiyyət tətbiq etmək planı da bazardakı gözləntiləri zəiflədib. Bu qərarın Avropa bazarında Çin istehsalçılarının payını yarıya qədər azaltması nəzərdə tutulur.

Məhdudiyyətlərin Çin elektrik avtomobili istehsalçılarının batareya sifarişlərinə mənfi təsir göstərəcəyi gözlənilir. Bu vəziyyət batareya istehsalında istifadə olunan xammal ehtiyatlarının artıq yüksək olduğu bir dövrə təsadüf edir.

Sənaye məlumatlarının yenilənməsi də ehtiyatların əvvəlki qiymətləndirmələrdən daha çox olduğunu üzə çıxarıb. Belə ki, SMM sənaye qrupunun inventar məlumatlarının hesablanması metodologiyasını dəyişməsi nəticəsində Çində litium ehtiyatları ilə bağlı göstərici 175 min ton artıb. Bu həcm əvvəlki qiymətləndirmələrin təxminən iki qatına bərabərdir.

Qiymətlərin aşağı düşməsinə baxmayaraq, bəzi şirkətlər litium hasilatı üzrə investisiyalarını davam etdirirlər. Avstraliyanın Mineral Resources şirkəti 18 aylıq fasilədən sonra Bald Hill mədənində hasilatı bərpa edib. Digər Avstraliya şirkəti Core Lithium da Finniss layihəsini yenidən işə salıb.

Bununla yanaşı, Rio Tinto Argentinadakı Fenix 1B və Sal de Vida layihələrinin istehsal gücünü artırmaq üçün 1,4 milyard dollar investisiya yatırıb.