İxrac bazarlarından ən çox asılı olan ölkələr 

İxrac bazarlarından ən çox

Meksika ixracının böyük hissəsini cəmi 5 ölkəyə yönəldən dövlətlər arasında dünyada ilk sırada qərarlaşıb. Ölkənin ümumi ixracının 91,2 faizi beş əsas ticarət tərəfdaşının payına düşür. Laos 89 faizlə ikinci, Kanada isə 86 faizlə üçüncü yerdədir.

Monetar.az xəbər verir ki, Hinrich Foundation və IMD Dünya Rəqabətlilik Mərkəzinin birgə hazırladığı 2026-cı il Dayanıqlı Ticarət İndeksində (STI) ölkələrin ixrac bazarlarının nə dərəcədə cəmləşdiyi təhlil edilib. Araşdırmada BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) məlumatlarından istifadə olunub.

Reytinqdə dördüncü yeri Honkonq 75,5 faizlə, beşinci yeri isə Papua-Yeni Qvineya 74,6 faizlə tutub. İlk onluğa həmçinin Bruney (73,9 faiz), Vyetnam (72,6 faiz), Çili (70,4 faiz), Tayvan (Çin) (67,9 faiz) və Avstraliya (67 faiz) daxil olub.

Araşdırmaya əsasən, Meksika və Kanada ixrac bazarı kimi əsasən ABŞ-dan asılıdır. Laosun ixracında isə Çin başlıca istiqamət hesab olunur.

Ən aşağı ixrac bazarı konsentrasiyası Çində qeydə alınıb. Ölkənin ixracının yalnız 40,1 faizi 5 əsas ticarət tərəfdaşının payına düşür. Böyük Britaniyada bu göstərici 43,8 faiz, ABŞ-da isə 44,4 faiz təşkil edib.

İxrac bazarlarının az sayda ölkədə cəmləşməsi dövlətləri həmin bazarlardakı iqtisadi dəyişikliklərə, tələbin azalmasına və ticarət siyasətindəki məhdudiyyətlərə qarşı daha həssas edə bilər. Ticarət tərəfdaşlarının çoxluğu isə ölkələrə xarici iqtisadi riskləri bölüşdürmək və ixrac dayanıqlığını artırmaq imkanı verir.

Qeyd edək ki, ixrac bazarlarının konsentrasiyası Dayanıqlı Ticarət İndeksinin iqtisadi göstəricilərindən biridir. Ümumilikdə indeks ölkələrin ticarət dayanıqlığını iqtisadi, sosial və ekoloji istiqamətlər üzrə 72 göstərici əsasında qiymətləndirir.