Çində sənaye istehsalının və pərakəndə satışların artım tempi oktyabr ayında gözləniləndən daha sürətlə zəifləyib. İnvestisiya qoyuluşlarında da mənfi dinamika davam edib. Rəsmi statistika dünyanın ikinci ən böyük iqtisadiyyatında daxili tələbatın hələ də kifayət qədər güclənmədiyini göstərir.
Bazar ertəsi açıqlanan məlumatlara görə, Çində sənaye istehsalı oktyabr ayında illik müqayisədə 4,8% artıb. Bu göstərici iqtisadçıların 5,3%-lik proqnozundan və sentyabrda qeydə alınan 5,5%-lik artımdan aşağı olub.
Pərakəndə satışlarda da oxşar mənzərə müşahidə edilib. İllik artım 0,4%-ə qədər zəifləyib. Halbuki analitiklər 0,8%-lik artım gözləyirdilər. Sentyabr ayında isə bu göstərici 1,1% təşkil etmişdi.
İnvestisiya sahəsində vəziyyət daha mürəkkəb olaraq qalır. Yanvar-oktyabr aylarında əsas kapitala investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalıb. Bu, iqtisadçıların 7%-lik azalma proqnozundan da pis nəticədir. Yanvar-sentyabr dövründə geriləmə 7,2% olmuşdu.
Daşınmaz əmlak bazarında isə azalma tempinin müəyyən qədər səngidiyi görünür. Oktyabrda yeni mənzillərin qiymətləri illik müqayisədə 2,4% ucuzlaşıb. Sentyabrda bu göstərici 2,8% təşkil edirdi. Bununla belə, qiymətlərin aşağı düşməsi sektorun hələ də təzyiq altında olduğunu göstərir.
Son statistik göstəricilər Çin iqtisadiyyatının bərpasında ciddi çətinliklərin davam etdiyini üzə çıxarır. İstehlakçı tələbinin zəifliyi, investisiyaların azalması və daşınmaz əmlak sektorundakı durğunluq iqtisadi fəallığın genişlənməsinə mane olur.
Qeyd edək ki, Çin iqtisadiyyatı üçüncü rübdə 4,5% böyüyərək gözləntiləri üstələyib. Lakin oktyabr ayının nəticələri iqtisadi artımın dayanıqlılığı ilə bağlı sualların hələ də aktual olduğunu və ölkə iqtisadiyyatında struktur disbalansların aradan qalxmadığını göstərir.
MONETAR.AZ