Su və Meliorasiya İnstitutunda direktorun maaşı 6 min manat olacaq

Su və Meliorasiya İnstitutunda direktorun maaşı

“Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib. Monetar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, institut direktorunun aylıq vəzifə maaşı 6 000 manat müəyyən edilib. Direktor müavinləri, o cümlədən direktor müavini – baş mühəndis 5 000 manat maaş alacaq.

İnstitutun digər vəzifələri üzrə aylıq maaşlar belə müəyyənləşdirilib:

  • Mərkəz müdiri – 4 200 manat;
  • Şöbə müdiri – 4 000 manat;
  • Mərkəz müdirinin müavini – 3 400 manat;
  • Şöbə müdirinin müavini – 3 300 manat;
  • Sahə rəisi – 2 900 manat;
  • Sektor müdiri və sektor müdiri – baş mühasib – 2 700 manat;
  • Direktor köməkçisi – 2 600 manat;
  • Elmi katib – 2 300 manat;
  • Baş məsləhətçi və baş elmi işçi – 2 100 manat.

Digər əməkdaşların maaşları isə 1 400-2 000 manat arasında dəyişəcək. Belə ki, baş aqronom və baş mexanik 2 000 manat, aparıcı məsləhətçi, aparıcı iqtisadçı və aparıcı elmi işçi 1 800 manat, böyük mühəndis və böyük elmi işçi 1 600 manat, mühəndis, məsləhətçi, elmi işçi və texnoloq-analitik isə 1 400 manat aylıq vəzifə maaşı alacaq.

Kiçik elmi işçi və böyük laborantın maaşı 1 200 manat, anbar təsərrüfatı rəhbərinin 910 manat, anbardarın 890 manat, laborant, kompüter operatoru və dispetçerin 700 manat, elektrik və sürücünün 600 manat olacaq.

Texniki işçilərin, o cümlədən fəhlə, xadimə, bağban, gözətçi və qazanxana operatorunun aylıq vəzifə maaşı isə 500 manat müəyyən edilib.

Qərara əsasən, əməkdaşlara vəzifə maaşlarından əlavə ödəniləcək əlavələr, mükafatlar və digər ödənişlər institutun göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirlər hesabına veriləcək.

Qeyd edək ki, institut Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir.