Türkiyə Rusiya enerji daşıyıcılarından birinin alışını azaldıb

Türkiyə Rusiya enerji daşıyıcılarından birinin

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyənin Rusiyadan boru kəmərləri vasitəsilə qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% azalıb. Bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumunun məlumatlarına istinadən TASS agentliyi xəbər yayıb.

Məlumata görə, sentyabr ayında Türkiyə “Türk axını” və “Mavi axın” boru kəmərləri vasitəsilə Rusiyadan ümumilikdə 968 milyon kubmetr təbii qaz qəbul edib. İlin ilk doqquz ayında isə bu göstərici 13,1 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, noyabrın əvvəlində ayın ilk beş günü ərzində Rusiyadan Türkiyəyə boru kəməri qazı tədarükünün əvvəlki dövrlə müqayisədə təxminən dörd dəfə artdığı bildirilmişdi.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl Rusiyadan alınan qazın ölkə üçün yüksək xərc yaratdığını açıqlamışdı. Onun sözlərinə görə, Ankara yanacağı daha əlverişli qiymətlərlə əldə etmək imkanlarını araşdırır. Bu səbəbdən Türkiyə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışına üstünlük verir.

Bununla belə, Bayraktarın açıqlamasına əsasən, Türkiyə Rusiyanın enerji resurslarından tamamilə imtina etməyi planlaşdırmır.

MONETAR.AZ