2026-cı ildə dünyada gümüşə ümumi tələbatın təxminən 58%-nin sənaye sektorunun payına düşəcəyi proqnozlaşdırılır. Sənaye məqsədli istifadə həcminin 640 milyon unsiyaya çatacağı, fiziki investisiya tələbatının isə 258 milyon unsiya olacağı gözlənilir.
Monetar.az-ın Gümüş İnstitutunun məlumatları əsasında hazırladığı araşdırmaya görə, sənayenin gümüşə tələbatdakı payı 2016-cı ildəki təxminən 49%-dən 2026-cı ildə 58%-ə yüksələcək.
Beləliklə, sənaye məqsədli gümüş istehlakı son 10 ildə 491 milyon unsiyadan 640 milyon unsiyaya çatacaq. Bu artımda elektronika, elektrik avadanlıqları və günəş enerjisi texnologiyalarının genişlənməsi mühüm rol oynayır.
2026-cı ildə elektrik və elektronika sektorunun 272 milyon unsiya gümüş istehlak edəcəyi proqnozlaşdırılır. Fotovoltaik panellərin istehsalında istifadə olunan gümüşə tələbatın isə 151 milyon unsiya olacağı gözlənilir. Müqayisə üçün, 2016-cı ildə bu göstərici 82 milyon unsiya təşkil edib.
Sənayedən sonra gümüşə ən böyük tələbat mənbəyi fiziki investisiyalardır. Sikkə və külçə alışlarını əhatə edən bu kateqoriya üzrə tələbatın 2026-cı ildə 258 milyon unsiyaya çatacağı proqnozlaşdırılır.
Ümumilikdə, dünya üzrə gümüşə tələbatın 2026-cı ildə 1 milyard 113 milyon unsiya olacağı gözlənilir. Bu, 2016-cı ilin 993 milyon unsiyalıq göstəricisindən yüksək olsa da, 2022-ci ildə qeydə alınan 1 milyard 284 milyon unsiyadan aşağıdır.