Avronun ABŞ dollarına qarşı məzənnəsi 1,10 səviyyəsinədək geriləyərək 2025-ci ilin martından bəri ən aşağı göstəriciyə düşüb. Dolların qlobal möhkəmlənməsi və ABŞ ilə Avropa Mərkəzi Bankının (AMB) fərqli faiz siyasəti gözləntiləri avronun ucuzlaşmasına təzyiq göstərib.
Monetar.az xəbər verir ki, Fransadakı siyasi və büdcə qeyri-müəyyənliyi, Avrozonada iqtisadi artım perspektivlərinin zəifləməsi və AMB-nin növbəti rəhbərinin kim olacağı ilə bağlı müzakirələr də vahid valyutanın mövqeyini zəiflədir.
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) AMB ilə müqayisədə daha çox faiz artımına gedəcəyini gözləyirlər. Bazar proqnozlarına görə, FED 2027-ci ilin sentyabrına qədər faizləri dörd dəfə, AMB isə əlavə üç dəfə 0,25 faiz bəndi artıra bilər. Bununla belə, iqtisadçıların əksəriyyəti AMB-nin faiz artımı dövrünün dekabrdan sonra başa çatacağını düşünür.
AMB-nin vitse-prezidenti Boris Vuçiç bazar ertəsi bildirib ki, bazarların 2027-ci ildə əlavə faiz artımları ilə bağlı gözləntiləri özünü doğrulda bilər. Bu açıqlama borclanma xərclərinin gələn ay gözlənilən artımdan sonra da yüksələ biləcəyi ehtimalını gücləndirib.
Hazırda Avrozonada inflyasiya AMB-nin 2%-lik hədəfindən iki dəfə yüksəkdir.