Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni biznes qurmaq üçün ən əlverişli şəraitə malik ölkələrin reytinqində birinci yeri tutub. 2025-ci ilin nəticələrinə əsasən, ölkə 10 mümkün baldan 7 bal toplayıb. İlk 10-luqda Asiya ölkələri, o cümlədən Yaxın Şərq dövlətləri üstünlük təşkil edib.
Monetar.az xəbər verir ki, reytinq Qlobal Sahibkarlıq Monitorunun (GEM) 2025/2026-cı il üzrə hesabatında yer alan Milli Sahibkarlıq Mühiti İndeksinin (NECI) nəticələri əsasında hazırlanıb.
İndeks biznesə başlamaq və onu inkişaf etdirmək üçün vacib olan 13 amili əhatə edir. Bunlara maliyyə imkanları, dövlət siyasəti, sahibkarlıq infrastrukturu və digər iqtisadi şərtlər daxildir. Qiymətləndirmə ölkələrdəki mütəxəssislərin rəyləri əsasında aparılır.
Reytinqdə BƏƏ 7 balla ilk sırada qərarlaşıb. Tayvan və Səudiyyə Ərəbistanı 6,5 balla ikinci və üçüncü, Litva 6,4 balla dördüncü, Hindistan isə 6,2 balla beşinci yerdədir.
İlk onluğa həmçinin Qətər və Bəhreyn (hər biri 6 bal), Cənubi Koreya (5,9 bal), İsveçrə və Finlandiya (hər biri 5,7 bal) daxil olub. Beləliklə, ilk 10 ölkədən yeddisi Asiyada, o cümlədən Yaxın Şərqdə yerləşir.
Hindistanın nəticəsi xüsusilə diqqət çəkir. Ölkə 6,2 balla "Böyük yeddilik" (G7) dövlətlərinin hamısını qabaqlayıb. Müqayisə üçün, Kanada 5,2, Fransa 5,0, ABŞ 4,8, Almaniya 4,7, Böyük Britaniya isə 4,2 bal toplayıb.
Ümumilikdə, qiymətləndirilən 53 iqtisadiyyatdan yalnız 16-sı 5 və daha yüksək bal əldə edib. Bu hədd sahibkarlıq üçün kifayət qədər əlverişli mühitin göstəricisi hesab olunur. Reytinqin sonuncu pillələrində Venesuela 3,2, Anqola isə 3,0 balla qərarlaşıb.