Sahibkarlar idxal-ixrac əməliyyatları üzrə xidmətlərdən vahid elektron kabinetlə istifadə edəcək

  Sahibkarlar idxal-ixrac əməliyyatları üzrə xidmətlərdən

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün “Bir pəncərə” informasiya sistemi çərçivəsində elektron kabinetlər yaradılacaq.

Monetar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə əksini tapıb.

Sistem vasitəsilə sahibkarlıq subyektləri idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları ilə bağlı müraciətlərini elektron qaydada göndərə, dövlət xidmətlərindən istifadə edə və ödənişləri həyata keçirə biləcəklər.

Azərbaycan şirkətləri və digər hüquqi şəxslərin sistemdən istifadəsi elektron kabinetlər vasitəsilə təmin olunacaq. Fiziki şəxslər isə Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik yaradılan kabinetlərinə daxil ola biləcəklər.

Qeyri-rezident istifadəçilər üçün də qeydiyyat və elektron kabinet vasitəsilə sistemdən istifadə imkanı nəzərdə tutulub.

Elektron kabinetlər üzərindən sənəd və məlumat mübadiləsi, müraciətlərin göndərilməsi, xidmətlərdən istifadə və ödənişlərin aparılması mümkün olacaq. Hər bir müraciətə ayrıca əməliyyat kodu veriləcək.

Bununla da xarici ticarət iştirakçılarının müxtəlif dövlət qurumlarına müraciətlərinin vahid rəqəmsal platforma üzərindən əlaqələndirilməsi nəzərdə tutulur.