Azərbaycana idxal olunan siqaret və bəzi digər tütün məhsulları, eləcə də nərə balığı kürüsü üzrə gömrük rüsumları artırılır. Yeni dəyişikliklər nəticəsində siqaretin bir qutusunun qiymətinə də əlavə xərcin təsir edəcəyi gözlənilir.
Monetar.az xəbər verir ki, Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının yeni dərəcələri 2030-cu ilin sonunadək tətbiq olunacaq.
Dəyişikliyə əsasən, Azərbaycana idxal olunan siqar, siqaret və siqarillalar üçün gömrük rüsumu 15%, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib.
Müqayisə üçün qeyd edək ki, hazırda bu məhsullar üzrə hər 1 000 ədədə tətbiq olunan minimum rüsum 0,5 ABŞ dollarıdır.
Beləliklə, minimum spesifik rüsum 6 dəfə artırılır.
İdxal statistikasına əsaslanan hesablamalara görə, yeni rüsumun siqaretin bir qutusuna ƏDV daxil təsiri təxminən 15-20 qəpik ola bilər. Faktiki təsir idxal qiymətindən və gömrük rəsmiləşdirilməsi zamanı tətbiq olunan hesablamalardan asılı olacaq.
Dəyişikliklər nərə balığı kürüsünü də əhatə edir. Belə ki, bu məhsulun idxalı üçün gömrük rüsumu 15%, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib.
Hazırda nərə balığı kürüsünün idxalına gömrük rüsumu idxal dəyərinin 15%-i həcmində tətbiq olunur.
Yeni qaydaya əsasən, hesablanmış 15%-lik rüsum hər kiloqram üçün 200 dollardan aşağı olduqda minimum məbləğ tətbiq ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən, dəyişikliklər 2027-ci il fevralın 11-dən qüvvəyə minəcək. Yeni rüsum dərəcələri 2030-cu ilin sonunadək tətbiq olunacaq.
Beləliklə, dəyişikliklər idxal olunan tütün məhsulları və nərə kürüsünün gömrük xərclərini artıra bilər. Xüsusilə siqaret idxalı üzrə minimum rüsumun yüksəldilməsi bu məhsulların idxal maya dəyərinə və nəticə etibarilə pərakəndə satış qiymətlərinə təsir göstərə bilər.