FHN 136,6 min manata 2 hibrid avtomobil alır

FHN 136,6 min manata

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin elan etdiyi hibrid mühərrikli avtomobilin satın alınması üzrə tenderin qalibi müəyyənləşib.

Monetar.az xəbər verir ki, tenderin qalibi "Auto Azərbaycan" MMC olub.

Şirkətlə 136 min 600,01 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulub.

Qeyd edək ki, satınalmanın ehtimal olunan qiyməti 145 min 500 manat təşkil edib. Beləliklə, qalib şirkətin təklif etdiyi qiymət ehtimal olunan qiymətdən 8 min 899,99 manat aşağıdır.

Tender şərtlərinə əsasən, 2026-cı il istehsalı olan, 0 kilometr yürüşlü, qara rəngli hibrid sedan avtomobil alınmalıdır. Avtomobilin mühərrik gücü minimum 190 at qüvvəsi, elektrik mühərrikinin gücü isə ən azı 35 kVt olmalıdır.

Avtomobil dəri salon, oturacaqların qızdırılması və ventilyasiyası, sükan qızdırıcısı, HUD sistemi, elektrik baqaj qapısı və digər əlavə avadanlıqlarla təchiz edilməlidir. Nəqliyyat vasitəsinə minimum 3 il və ya 100 min kilometr zəmanət verilməsi tələb olunur.