Xarici ticarət əməliyyatları “Bir pəncərə” sistemi ilə rəqəmsallaşdırılır

Xarici ticarət əməliyyatları “Bir pəncərə”

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının vahid platforma üzərindən həyata keçirilməsini təmin edəcək “Bir pəncərə” informasiya sisteminin fəaliyyəti qaydaları təsdiqlənib.

Monetar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə qeyd olunub.

Yeni sistem vasitəsilə xarici ticarət əməliyyatları üzrə dövlət xidmətlərinin elektron qaydada göstərilməsi, tələb olunan sənədlərin təqdim edilməsi və dövlət qurumları arasında məlumat mübadiləsi təmin olunacaq.

Sistemin əsas məqsədi idxal-ixrac və tranzit əməliyyatlarının sadələşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlar üçün vahid rəqəmsal mühitin yaradılmasıdır.

Bununla yanaşı, platforma vasitəsilə yük axınlarının idarə edilməsi, xarici ticarət əməliyyatlarının təhlili, statistik hesabatların hazırlanması və xidmətlərin keyfiyyətinin artırılması nəzərdə tutulur.