Süni intellektin beyinləri hara köçür? - BƏƏ ABŞ-ı 7 dəfə qabaqlayıb

Süni intellektin beyinləri hara köçür? -

2025-ci ildə süni intellekt (AI) mütəxəssislərinin cəlb edilməsi üzrə Lüksemburq və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk iki yerdə qərarlaşıb. BƏƏ hər 10 min LinkedIn istifadəçisinə düşən xalis AI mütəxəssisi miqrasiyasına görə ABŞ-ı 7 dəfədən çox qabaqlayıb.

Monetar.az xəbər verir ki,  Lüksemburq hər 10 min istifadəçiyə 7,76 nəfərlik xalis artımla birinci olub. BƏƏ 6,52 göstərici ilə ikinci, Kipr 2,93 göstərici ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşliyə, həmçinin İrlandiya (2,48) və İsveçrə (2,45) daxil olub. Səudiyyə Ərəbistanı isə 2,02 göstərici ilə altıncı yeri tutub.

ABŞ reytinqdə 0,92 göstərici ilə 11-ci olub. Beləliklə, ölkəyə gələn AI mütəxəssislərinin sayı gedənlərin sayını üstələsə də, xalis artım göstəricisi bir sıra kiçik iqtisadiyyatlardan aşağıdır.

BƏƏ və Səudiyyə Ərəbistanı son illərdə AI mütəxəssislərinin sayını sürətlə artıran ölkələr sırasındadır. 2019-2025-ci illərdə bu sahədə mütəxəssis konsentrasiyası BƏƏ-də 121%, Səudiyyə Ərəbistanında isə 113% yüksəlib.

Digər tərəfdən, 2025-ci ildə AI mütəxəssislərinin xalis axını ən çox Macarıstanda qeydə alınıb. Ölkə hər 10 min LinkedIn istifadəçisinə 2,74 nəfərlik mənfi göstərici ilə sonuncu yerdə qərarlaşıb. Slovakiya 1,78, Hindistan 1,28, Bolqarıstan isə 1,04 göstərici ilə növbəti yerləri tutub.

Hindistanın nəticəsi xüsusilə diqqət çəkir. Ölkədə AI mütəxəssislərinin ümumi konsentrasiyası 2019-2025-ci illərdə 120% artsa da, 2025-ci ildə xalis miqrasiya üzrə dünyada üçüncü ən böyük itki qeydə alınıb.

Reytinqdə Türkiyə də AI mütəxəssislərini itirən ölkələr arasında yer alıb. Ölkənin göstəricisi hər 10 min LinkedIn istifadəçisinə 0,30 nəfər təşkil edib.