Taleh Kazımov: Büdcə xərclərinin inflyasiyaya təsiri cüzidir

Taleh Kazımov: Büdcə xərclərinin inflyasiyaya

Azərbaycanda dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri əhəmiyyətli səviyyədə deyil. Cari xərclər inflyasiyaya cəmi 0,34 faiz bəndi təsir göstərir, əsaslı xərclərin isə bu istiqamətdə təsiri neytraldır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

AMB sədri qeyd edib ki, qurumun mandatına uyğun olaraq büdcə xərclərinin inflyasiyaya təsiri mütəmadi təhlil olunur. Aparılan qiymətləndirmələrə əsasən, cari xərclərin yaratdığı 0,34 faiz bəndlik inflyasiya təzyiqi əhəmiyyətli hesab edilmir, əsaslı xərclər isə qiymət artımına neytral təsir göstərir.

T.Kazımov ümumilikdə təqdim olunan büdcə layihələrini müsbət qiymətləndirib. O, son illərdə fiskal və monetar siyasətlər arasında formalaşmış sıx koordinasiyanın gələcəkdə də davam edəcəyinə və bunun makroiqtisadi sabitliyə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

AMB sədri cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına maliyyələşdirilməsini də müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu yanaşma dövlətin gündəlik xərclərinin dayanıqlı maliyyə mənbələri hesabına qarşılanmasına imkan yaradır.

Bundan başqa, Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin azaldılması strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığının qorunması baxımından əhəmiyyətlidir. Büdcə gəlirlərində qeyri-neft sektorunun payının artması da AMB tərəfindən müsbət qiymətləndirilir. Bu siyasət dövlət maliyyəsinin neft sektorundan asılılığının tədricən azaldılmasına xidmət edir.