Bu gün Avropa İttifaqı Ukraynaya 45 milyard avroluq kredit planını təqdim edəcək

Bu gün Avropa İttifaqı Ukraynaya  45 milyard avroluq

Avropa İttifaqı (Aİ) Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması üçün əlavə 45 milyard avro kredit ayırmağı planlaşdırır. Yeni maliyyələşmənin 2027-ci ildə Ukraynanın büdcə və digər xərclərinin bir hissəsini qarşılamaq üçün istifadə edilməsi nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, Avropa Komissiyası noyabrın 18-də kredit planını Aİ-yə üzv ölkələrə təqdim edəcək.

Planın həyata keçirilməsi üçün vəsaitin Avropa İttifaqının ümumi büdcəsinin zəmanəti ilə maliyyə bazarlarından cəlb edilməsi nəzərdə tutulur. Bu mexanizm ayrı-ayrı üzv dövlətlərin mümkün vetolarının maliyyələşməyə təsirini məhdudlaşdırmaq məqsədi daşıyır.

Avropa Komissiyası yeni kreditin ayrılmasını Aİ-nin 2028-2034-cü illəri əhatə edəcək növbəti uzunmüddətli büdcəsinin təsdiqi ilə əlaqələndirməyi planlaşdırır. Bununla da Ukraynaya maliyyə dəstəyinin davamlılığının təmin edilməsi hədəflənir.

Məlumatda bildirilir ki, Ukraynanın 2027-ci ildə maliyyə ehtiyacları ilə mövcud imkanları arasında təxminən 70 milyard avro fərq yaranacağı gözlənilir. Avropa Komissiyası bu məbləğin təxminən üçdə ikisini, yəni 45 milyard avrosunu qarşılamağı, qalan hissənin isə digər beynəlxalq tərəfdaşlar tərəfindən təmin edilməsini istəyir.

Qeyd edək ki, Aİ daha əvvəl Ukraynaya 2026-2027-ci illər üçün ümumilikdə 90 milyard avro kredit ayrılmasını təsdiqləyib. Yeni 45 milyard avroluq təşəbbüs isə Ukraynanın əlavə maliyyə ehtiyaclarının qarşılanmasına yönəlib.