"2027-ci ilin büdcəsində qeyri-neft sektorunun payı rekord həddə çatacaq"

"2027-ci ilin büdcəsində qeyri-neft sektorunun payı

Son illərdə sosial-iqtisadi sahədə və dövlət maliyyəsinin idarə olunmasında həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi potensialının, eləcə də dövlətin maliyyə resurslarının davamlı artımına şərait yaradıb. 2027-ci ilin dövlət büdcəsi layihəsi də əvvəlki dövrün iqtisadi reallıqları və qarşıdakı mərhələnin çağırışları nəzərə alınmaqla hazırlanıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Palata sədri gələn ilin dövlət büdcəsi layihəsinin iki əsas xüsusiyyətlə diqqət çəkdiyini vurğulayıb.

Onun sözlərinə görə, birinci mühüm məqam ümumi daxili məhsulun (ÜDM) strukturunda qeyri-neft-qaz sektorunun payının artması ilə bağlıdır. Proqnozlara əsasən, 2027-ci ildə qeyri-neft-qaz ÜDM-nin ümumi ÜDM-də xüsusi çəkisinin 77 faizdən çox olacağı gözlənilir. Bu isə indiyədək qeydə alınan ən yüksək göstəricidir.

İkinci mühüm xüsusiyyət isə dövlət büdcəsinin gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun payının yüksəlməsidir. Belə ki, gələn il büdcə daxilolmalarının 60,6 faizinin məhz bu sektordan formalaşacağı proqnozlaşdırılır. Vüqar Gülməmmədov bu göstəricinin də tarixi maksimum olduğunu qeyd edib.

Hesablama Palatasının sədri 2027-ci ilin dövlət büdcəsini ölkənin neftdən asılılığının azaldılması istiqamətində dönüş mərhələsi kimi xarakterizə edib. Onun fikrincə, büdcə layihəsi eyni zamanda hərbi, sosial və investisiya xərcləri arasında optimal tarazlığın təmin olunmasını nəzərdə tutur.