Sahil Babayev: 2027-ci ilin büdcəsində əsas prioritet iqtisadi dayanıqlılıq olacaq

Sahil Babayev: 2027-ci ilin büdcəsində əsas prioritet

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin rifah səviyyəsi yüksəlib və dövlətin maliyyə imkanları genişlənib.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, qarşıda duran əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə yüksəltmək, iqtisadi artımın dayanıqlılığını təmin etmək və genişlənən maliyyə imkanlarından səmərəli istifadə etməkdir.

Sahil Babayev bildirib ki, bu istiqamətdə qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması, əhalinin rifahının yaxşılaşdırılması, müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin əsas prioritetləri olaraq qalır.

Maliyyə naziri qlobal iqtisadi mühitdəki qeyri-müəyyənliklərə və xarici bazarlarda dəyişkənliyə də diqqət çəkib. Onun qeyd etdiyi kimi, mövcud şərait fiskal siyasətdə ehtiyatlı yanaşmanın tətbiqini, büdcə intizamının qorunmasını və dövlət maliyyəsinin dayanıqlılığının təmin edilməsini daha da aktuallaşdırır.

S.Babayev vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb.

Nazirin sözlərinə görə, büdcə siyasətinin əsas məqsədi iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə vəsaitlərindən istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır.