ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili rabitə və gündəlik əməliyyatlar üçün istifadə etdiyi məxfi kompüter şəbəkəsində ciddi nasazlıq yaranıb. Problem səbəbindən bəzi əməkdaşlar iş sistemlərinə daxil ola bilmir, qurumun bir sıra kritik sistemləri isə ehtiyat şəbəkələr vasitəsilə fəaliyyətini davam etdirir.
Monetar.az xəbər verir ki, Bloomberg-ə danışan mənbənin sözlərinə görə, “NSA Net” adlanan şəbəkə noyabrın 17-si, çərşənbə axşamı səhər saatlarından etibarən işləmir.
Mənbə bildirib ki, nasazlıqla əlaqədar bəzi əməkdaşlardan Merilend ştatının Fort-Mead şəhərində yerləşən baş qərargaha gəlməyi təxirə salmaları istənilib. Qurum problemin aradan qaldırılması üzərində işləsə də, kəsintinin səbəbi hələ müəyyən edilməyib.
Bununla yanaşı, bəzi vacib sistemlərin ehtiyat şəbəkələr üzərindən fəaliyyət göstərdiyi bildirilir. NSA məsələ ilə bağlı şərh sorğularına ilkin mərhələdə cavab verməyib.
Hadisə son həftələrdə ABŞ-da və digər ölkələrdə qeydə alınan texnoloji nasazlıqlar fonunda baş verib. Bazar ertəsi JPMorgan Chase bankında yaranan texniki problem bəzi müştərilərin əməliyyatlarının gecikməsinə səbəb olub. Bank nasazlığın daxili aparat sistemlərindəki proqram təminatı xətası ilə bağlı olduğunu və kiberhücumla əlaqəsinin olmadığını açıqlayıb.
United Airlines aviaşirkətinin uçuşlarında da texniki problem qeydə alınıb. Bundan başqa, Microsoft-un ofis proqramlarında təxminən 24 saat davam edən fasilə yaranıb. ABŞ-da köhnə rabitə kabellərinin dəyişdirilməsi zamanı baş verən nasazlıq isə hava nəqliyyatının işinə təsir edib.
ABŞ-ın daxili təhlükəsizlik naziri Markwayne Mullin son texnoloji nasazlıqların kiberhücum nəticəsində baş vermədiyini bildirib. Bununla belə, NSA şəbəkəsindəki son kəsintinin konkret səbəbi hələ açıqlanmayıb.