ABŞ və Çin arasında süni intellekt uğrunda 5 əsas mübahisə mövcuddur

ABŞ və Çin arasında süni intellekt uğrunda 5 əsas

ABŞ və Çin süni intellekti (Sİ) iqtisadi və texnoloji rəqabətin əsas istiqamətlərindən biri hesab edir. Lakin iki ölkə arasında artan etimadsızlıq bu sahədə təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsi və mümkün əməkdaşlıq perspektivlərini sual altında qoyur. “Bloomberg”in təhlilinə görə, Nvidia çiplərinin qaçaqmalçılığından tutmuş humanoid robotların istehsalına və hərbi süni intellektə qədər bir sıra məsələlər Vaşinqtonla Pekin arasında ciddi fikir ayrılıqları yaradır.

ABŞ Prezidenti Donald Trampın “Süni intellektdə kim qalib gəlirsə, o da qələbə çalır” fikri bu rəqabətin strateji əhəmiyyətini göstərir. Bununla belə, ekspertlər hesab edirlər ki, Sİ-nin yaratdığı qlobal risklərin qarşısını almaq üçün iki ölkə arasında müəyyən əməkdaşlıq zəruridir. Hazırda isə tərəflərin qarşılıqlı etimadı kifayət qədər zəifdir.

1. Nvidia çiplərinin qaçaqmalçılığı və uzaqdan giriş

ABŞ 2022-ci ildən milli təhlükəsizlik səbəbilə süni intellekt üçün nəzərdə tutulan ən güclü çiplərin Çinə satışını məhdudlaşdırır. Lakin son hadisələr bu qadağaların effektivliyi ilə bağlı suallar yaradıb.

Noyabrın 12-də Nvidia rəhbəri Censen Huanq şirkətin qabaqcıl çiplərinin Çinə mümkün qaçaqmalçılığı ilə əlaqələndirilən qalmaqaldan sonra vəzifəsindən kənarlaşdırılıb. Bu hadisə Vaşinqtonda Çinin qabaqcıl Amerika texnologiyalarına çıxışının daha ciddi nəzarətə götürülməsi çağırışlarını gücləndirib.

Amerikalı qanunvericilər Çin şirkətlərinin digər ölkələrdə hesablama gücünü icarəyə götürərək ixrac məhdudiyyətlərindən yan keçdiyini iddia edirlər. Noyabrın 16-da ABŞ Ticarət Nazirliyi Çin şirkətlərinin xarici ölkələr vasitəsilə qabaqcıl çiplərə və serverlərə uzaqdan çıxışını məhdudlaşdırmağa yönəlmiş qaydalar açıqlayıb.

Bundan əvvəl də ABŞ prokurorları çiplərin qanunsuz tədarükü ilə bağlı bir neçə araşdırma aparıblar. Super Micro Computer şirkətinin həmtəsisçisi Yiha-Şyan Lyao Nvidia çipləri ilə təchiz olunmuş serverlərin Çinə göndərilməsinə kömək etməkdə ittiham edilib. O, ittihamları qəbul etməyib. Nvidia isə ixrac qaydalarına riayət olunması üçün ciddi prosedurlar tətbiq etdiyini bildirib.

Çinin Moonshot AI laboratoriyasının Kimi K3 modelini təqdim etməsindən sonra da oxşar mübahisə yaranıb. Ağ Evin nümayəndəsi şirkəti Nvidia çiplərini qanunsuz əldə etməkdə və Tailand vasitəsilə onlara uzaqdan çıxış təmin etməkdə ittiham edib. Pekin bu iddiaları rədd edib.

2. Süni intellekt modellərinin distillasiyası

ABŞ hakimiyyəti DeepSeek, Moonshot AI, Z.AI və Alibaba-nın süni intellekt bölməsi də daxil olmaqla, bir neçə Çin şirkətini Amerika modellərinin imkanlarını təkrarlamaq üçün sənaye miqyaslı distillasiyadan istifadə etməkdə ittiham edir.

Distillasiya daha böyük və mürəkkəb süni intellekt modelinin davranışını və nəticələrini öyrənərək daha kiçik model yaratmağa imkan verən üsuldur. Bu yanaşma bahalı təlim prosesinə ehtiyacı azalda bilər. Texnologiyanın özü geniş istifadə olunsa da, mübahisə onun icazəsiz şəkildə tətbiq edilməsi ilə bağlıdır.

Çin tərəfi ABŞ-ın ittihamlarını əsassız hesab edir. Mümkün razılaşma üçün isə tərəflər hansı halların qanunsuz distillasiya sayılacağı, pozuntuların necə aşkar ediləcəyi və sübutların hansı mexanizmlə təsdiqlənəcəyi barədə ortaq mövqeyə gəlməlidirlər.

3. Süni intellektin yaratdığı qlobal təhlükələr

Sİ-agentlərin mürəkkəb tapşırıqları müstəqil yerinə yetirməsi və sistemlərin insan müdaxiləsi olmadan öz imkanlarını təkmilləşdirməsi texnologiyanın nəzarətdən çıxması ilə bağlı narahatlıqları artırıb.

Anthropic şirkətinin rəhbəri Dario Amodei sentyabr ayında dərc etdiyi geniş məqaləsində süni intellektin ekzistensial təhlükə yarada biləcəyini bildirib. O, qabaqcıl modellərin inkişafının risklər daha yaxşı öyrənilənədək ləngidilməsinə və sahənin daha sərt dövlət tənzimlənməsinə çağırıb. Amodeinin fikrincə, bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsində Vaşinqton mühüm rol oynamalıdır.

Donald Tramp isə yeni məhdudiyyətlər tətbiq edilməsi çağırışını rədd edib və Sİ-nin bəşəriyyət üçün ekzistensial təhlükə yaratdığı barədə xəbərdarlıqları əsassız adlandırıb. Çin tərəfi də Amodeinin mövqeyini tənqid edərək Amerika laboratoriyalarını haqsız rəqabətdə ittiham edib.

Bununla belə, Pekin özü də qabaqcıl modellərin imkanlarından narahatdır. Xüsusilə Anthropic-in Mythos modelinin kibertəhlükəsizlik sahəsindəki potensialının Çinin maraqlarına qarşı istifadə oluna biləcəyi ehtimalı diqqət çəkir.

Ekspertlər hesab edirlər ki, ABŞ və Çin ən azı süni intellektin terrorçuların və kibercinayətkarların əlinə keçməsinin, kritik infrastruktura hücumlarda və bioloji silahların hazırlanmasında istifadəsinin qarşısını almaq üçün əməkdaşlıq edə bilər. Müzakirə olunan təkliflərdən biri də Sİ-nin törətdiyi mümkün hücumlarla bağlı tərəflərin bir-birini xəbərdar etməsi üçün xüsusi qaynar xəttin yaradılmasıdır.

Ağ Evin məlumatına görə, sentyabrın sonunda Vaşinqtonda keçirilən sammitdə Donald Tramp və Çin lideri Si Cinpin süni intellektin riskləri və üstünlüklərini müzakirə etmək üçün ikitərəfli dialoqun yaradılması barədə razılığa gəliblər.

4. Humanoid robotlar uğrunda rəqabət

ABŞ və Çin arasında növbəti mübahisə istiqaməti süni intellektlə təchiz edilmiş humanoid robotların istehsalıdır. Hər iki ölkə fiziki mühitdə sərbəst hərəkət edə və müxtəlif tapşırıqları yerinə yetirə bilən robotların kommersiya baxımından səmərəli istehsalında üstünlük qazanmağa çalışır.

Amerika şirkətləri robototexnika sahəsində mühüm texnoloji yeniliklərə imza atsalar da, humanoid robotların kütləvi kommersiya tətbiqində hazırda Çin şirkətləri ön sıralardadır. Pekin bu məhsulların Qərb bazarlarına çıxışını genişləndirmək istəyir.

Vaşinqton isə milli təhlükəsizlik səbəbilə Çində istehsal olunan humanoid və dördayaqlı robotların idxalına məhdudiyyətlər tətbiq edib. Bundan başqa, 2027-ci ilin yanvarından ABŞ-ın müdafiə podratçılarına Çində hasil edilmiş, emal olunmuş və ya istehsal edilmiş bir sıra materiallardan istifadəni qadağan edən satınalma qaydalarının qüvvəyə minməsi nəzərdə tutulur.

Çin nadir torpaq maqnitləri və ötürücü qovşaqlar da daxil olmaqla, humanoid robotların istehsalı üçün vacib olan təchizat zəncirinin bir sıra əsas hissələrində təxminən 80%-lik paya nəzarət edir. Ölkə bu üstünlüyündən əvvəlki tarif münaqişələrində də istifadə edib. Çinin maqnit ixracına tətbiq etdiyi məhdudiyyətlər İlon Maskın Tesla Optimus layihəsinə də təsir göstərib.

Tərəflər arasında mümkün razılaşma əldə olunsa belə, humanoid robotların ikitərəfli ticarətinin genişlənməsi üçün əvvəlcə insanların yanında işləyən robotlara dair ümumi təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi tələb olunur.

5. Hərbi süni intellekt

ABŞ-ın qabaqcıl texnologiyaların Çinə ixracına qoyduğu məhdudiyyətlərin əsas məqsədlərindən biri Pekinin hərbi məqsədlər üçün istifadə oluna biləcək güclü süni intellekt çiplərinə çıxışını məhdudlaşdırmaqdır.

Çin Xalq Azadlıq Ordusunun texnoloji proqramları barədə məlumatlar məxfi saxlanılsa da, bu sahədə qabaqcıl hesablama gücünə maraq açıq şəkildə görünür. Çin ordusu ilə əməkdaşlıq edən ən azı yeddi universitet laboratoriyasının Nvidia-nın qabaqcıl çiplərini əldə etməyə çalışdığı bildirilir.

Bu ali təhsil müəssisələrindən ikisi – Beyhan Universiteti və Şimal-Qərb Politexnik Universiteti Çin ordusuna dəstək verən elit universitetlər qrupu olan “Milli Müdafiənin Yeddi Oğlu”na daxildir.

Hərbi sahədə süni intellektdən istifadə ilə bağlı əsas narahatlıq texnologiyanın döyüş əməliyyatlarında üstünlük yaratmaqla yanaşı, qlobal təhlükəsizliyi də risk altına sala bilməsidir. Ekspertlər xüsusilə süni intellekt agentinin nüvə qüvvələrinin idarəetmə sistemlərinə müdaxiləsi və ya yanlış anlaşılaraq qəsdən hücum kimi qiymətləndirilə biləcək kiberəməliyyatlar həyata keçirməsi ehtimalına diqqət çəkirlər.

ABŞ və Çin arasında süni intellekt rəqabəti artıq yalnız texnoloji üstünlük uğrunda mübarizə ilə məhdudlaşmır. Çiplərə çıxış, modellərin intellektual mülkiyyət hüquqları, robototexnika, kibertəhlükəsizlik və hərbi tətbiqlər iki ölkənin münasibətlərində əsas mübahisə mövzularına çevrilib. Bu məsələlər üzrə ortaq qaydaların müəyyənləşdirilməsi isə tərəflər arasında etimadın bərpasından asılı olacaq.

MONETAR.AZ