Windows-da 25 il gizli qalan funksiya aşkar edilib

Windows-da 25 il gizli qalan funksiya

Windows əməliyyat sistemində istifadəçilərin hansı proqramları işə saldığını 25 ildən artıq müddət ərzində qeydə alan funksiya aşkarlanıb. Bu barədə “XDA Developers” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “UserAssist” adlanan bu mexanizm istifadəçinin hansı tətbiqləri açdığını, onları neçə dəfə işə saldığını və sonuncu dəfə nə vaxt istifadə etdiyini qeydə alır. Təxminən 2000-ci ildən Windows sistemində mövcud olan funksiya məlumatları sistem reyestrində saxlayır və istifadəçinin ən çox müraciət etdiyi proqramları müəyyənləşdirməyə imkan verir.

Toplanan məlumatlardan Windows “Başlat” menyusunda və axtarış nəticələrində tətbiq tövsiyələrinin formalaşdırılması üçün istifadə edir. Jurnalda proqram adları ROT13 adlı sadə kodlaşdırma üsulu ilə saxlanılır. Buna görə də müvafiq alətlər vasitəsilə həmin məlumatları oxumaq mümkündür.

“XDA Developers” jurnalisti funksiyanın işini “Lenovo Legion 5 Pro” noutbukunda sınaqdan keçirib. Pulsuz “UserAssistView” proqramından istifadə etməklə 2022-ci ilin may ayından bəri toplanmış 325 qeyd aşkar edilib. Məlum olub ki, “Photos” tətbiqi 164, “Snipping Tool” isə 128 dəfə işə salınıb. Tarixçədə istifadəçinin artıq kompüterdən sildiyi “AVG Secure Browser” brauzeri barədə məlumatlar da qalıb.

Nəşr bildirir ki, bu izləmə funksiyasını Windows 11-in ayarlarından söndürmək mümkündür. Bunun üçün “Məxfilik və təhlükəsizlik” (Privacy & security) bölməsinə daxil olmaq, daha sonra sistem versiyasından asılı olaraq “Ümumi” (General) və ya “Tövsiyələr və təkliflər” (Recommendations & offers) bölməsində “Tətbiqlərin işə salınmasının izlənilməsi” (Let Windows track app launches) parametrini deaktiv etmək lazımdır.

Xatırladaq ki, daha əvvəl Microsoft-un Windows 11 istifadəçiləri üçün nəzərdə tutulan üç köməkçi tətbiqin fəaliyyətini dayandıracağı açıqlanmışdı. Şirkət Microsoft 365 ekosisteminə daxil olan “Calendar”, “People” və “Files” xidmətlərini bağlamağı planlaşdırır.

MONETAR.AZ