Britaniya Pərakəndə Satış Konsorsiumu (BRC) tərəfindən açıqlanan son rəsmi hesabat Böyük Britaniyanın pərakəndə satış sektorunda gərginliyin artdığını göstərir. İranla müharibə və Yaxın Şərqdəki geosiyasi böhran səbəbindən enerji xərclərinin kəskin yüksəlməsi və tədarük zəncirlərinin (xüsusilə Hörmüz boğazının qapanması və dəniz daşımalarının çətinləşməsi) pozulması mağaza qiymətlərinə birbaşa təsir etməyə başlayıb.
Böyük pərakəndə satış şəbəkələri arasında keçirilən aylıq sorğu göstərib ki, may ayında qiymətlər illik müqayisədə 1,2% artıb. Apreldə bu göstərici 1,0% olmuşdu. Ərzaq məhsulları üzrə inflyasiya isə 3,1%-dən 2,7%-ə enərək son bir ilin ən aşağı səviyyəsinə düşüb.
Ümumi artımdan fərqli olaraq, növbəti ay ABŞ-da başlayacaq Dünya Çempionatı öncəsi pərakəndə satıcılar idman azarkeşlərini cəlb etmək üçün televizor və audio sistemlərin qiymətlərində ciddi endirimlər tətbiq edirlər.
BRC-nin baş direktoru Helen Dickinson bildirib ki, qlobal münaqişələrin yaratdığı yüksək neft-enerji qiymətləri və xammalın baha başa gəlməsi mağazaların çiyinlərində ağır yükə çevrilib. O, hökuməti istehlakçıları qorumaq üçün təcili addımlar atmağa çağırıb. Mağazaların enerji hesablarının üçdə ikisindən çoxunu rüsumlar, vergilər və qeyri-əmtəə ödənişləri təşkil edir. Dövlət bu yükləri azaltmalıdır. İnflyasiyanın cilovlanması və biznesin fəaliyyətinin asanlaşdırılması üçün qablaşdırma vergiləri və digər bürokratik tənzimləmələr təxirə salınmalı və ya islahat edilməlidir.
Analitiklər xəbərdarlıq edirlər ki, rəsmi istehlakçı qiymətləri indeksi (CPI) hazırda 2,8% səviyyəsində olsa da, enerji şokunun tam təsiri ilə yaxın aylarda inflyasiyanın yenidən 4%-ə qədər yüksəlməsi riski olduqca böyükdür.
MONETAR.AZ