Qızılın qiyməti rekorda yaxınlaşır: Səbəb FED-in faiz endirimi gözləntiləridir

Qızılın bir unsiya üzrə qiyməti cümə günü əldə edilmiş rekord həddə yaxındır. Bu ABŞ-dan gələn gözlənilməz zəif məşğulluq göstəricilərindən sonra Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi ilə bağlı gözləntilərinin artması ilə əlaqədardır.
Asiya bazarlarının açılışında qızılın bir unsiya üçün qiyməti 3600 ABŞ dolları səviyyəsindəki son zirvədən təxminən 20 dollar aşağıda ticarət olunurdu. Cümə günü dərc olunan ABŞ-ın kənd təsərrüfatı xaricində məşğulluq hesabatı işə qəbulun yavaşladığını, işsizliyin isə 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını göstərib. Bu hesabat qızılın qiymətini 1,5 faizədək artırıb.
Bu, FED-in ilin sonuna qədər təxminən üç dəfə faiz endirəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Borclanma xərclərinin azalması isə gəlir gətirməyən qızılın daha cəlbedici hala gəlməsinə səbəb olur. Eyni zamanda FED-in gələcəyi ilə bağlı narahatlıqlar da qızıla təhlükəsiz sığınacaq olaraq tələbi artırır.
Yatırımçılar hazırda Donald Trampın FED qubernatoru Liza Kuku vəzifəsindən kənarlaşdırmaq üçün hüquqi əsasının olub-olmaması ilə bağlı veriləcək mühüm qərarı gözləyirlər. Goldman Sachs bankının hesabatına görə, FED-in müstəqilliyinin zədələnməsi və yatırımçıların xəzinə istiqrazlarının kiçik bir hissəsini qızıla yönəltməsi halında, qiymət bir unsiya üçün 5000 dollara qədər yüksələ bilər.
Digər tərəfdən, Tramp administrasiyası bəzi metallarla yanaşı, qızılın da ölkə mənşəli tariflərdən azad edildiyini açıqlayıb.
Qeyd edək ki, Çin Mərkəzi Bankı avqust ayında da qızıl ehtiyatlarını ardıcıl onuncu aydır artırıb. Bununla Çin ehtiyatlarını ABŞ dollarına asılılıqdan diversifikasiya etməyə davam edir.
Sinqapurda Bakı vaxtı ilə 12:16-da spot qızılın qiyməti 0,1 faiz azalaraq 3582,03 dollar/unsiya səviyyəsində olub. Eyni zamanda, gümüşün qiymətində eniş, palladiumda yüngül yüksəliş, platinin qiymətində isə dəyişiklik müşahidə edilməyib.
MONETAR.AZ