“Hörmüz boğazı açılsa da, neft qiymətləri niyə dərhal düşməyəcək?

“Hörmüz boğazı açılsa da, neft qiymətləri niyə

ABŞ və İran arasında geosiyasi sabitləşməyə doğru addımlar atılması və Hörmüz boğazının yenidən gəmiçiliyə açılması barədə razılaşma cəhdləri neft bazarlarında müəyyən ümidlər yaratsa da, reallıq daha mürəkkəbdir. Yahoo nəşrinin analitiklərə istinadən yaydığı məlumata görə, müqavilə imzalansa belə, qlobal enerji bazarlarının tam normallaşması və yanacaqdoldurma məntəqələrində qiymətlərin ucuzlaşması üçün xeyli vaxt lazım olacaq.

Hazırda dünya bazarında Brent markalı neft 94 dollar/barel, WTI markalı neft isə 91 dollar/barel kimi yüksək qiymətlərlə ticarət olunur.

Boğazın açılması elan edildiyi an dərhal neft axınının bərpa olunacağı xülyadır. Daşıyıcı şirkətlər və sənaye müəssisələri ciddi texniki problemlərlə üz-üzədir. Fars körfəzindən təhlükəsiz şəkildə çıxarılmalı olan təxminən 1500 gəmi növbə gözləyir. Bu qədər donanmanın hərəkətini qısa müddətdə tənzimləmək logistik cəhətdən böyük vaxt tələb edir. Regionun enerji infrastrukturu, neft terminalları və doldurma məntəqələri hərbi gərginlikdən sonra ciddi texniki qiymətləndirmə və bərpa prosesindən keçməlidir.

Maliyyə institutları bazarda "sürətli rahatlama" effektinin yaranmayacağını iddia edirlər. Wolfe Research araşdırma mərkəzinin hesabatına görə, münaqişə dövründə kəskin şəkildə əriyən kommersiya və strateji neft ehtiyatlarının yenidən doldurulması prosesi ən azı 2027-ci ilə qədər uzana bilər.

 Analitik Henrieta Treyz bu vəziyyəti “Hörmüz sonrası sarsıntı” adlandıraraq, bazarların özünə gəlməsinin aylarla və ya illərlə ölçüləcəyini vurğulayıb. Capital Economics də bənzər mövqedən çıxış edərək, enerji qiymətlərinin qısa müddətdə "normal səviyyəyə" enməyəcəyini qeyd edir.

Ekspertlərin bu ehtiyatlı yanaşmasının əksinə olaraq, ABŞ rəhbərliyi daha aqressiv və müsbət proqnozlar verir. Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett və Prezident Donald Tramp boğazlar rəsmən açıldıqdan sonra cəmi 1–2 ay ərzində yanacaq qiymətlərinin kəskin şəkildə aşağı yuvarlanacağını iddia edirlər.

ABŞ Dövlət katibi Marko Rubio danışıqların tamamlanması üçün hələ "bir neçə gün" tələb olunduğunu bildirsə də, regionda gərginlik tam səngiməyib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son olaraq boğaza mina yerləşdirməyə çalışan İrana məxsus qayıqlara qarşı hərbi hava zərbələri endirildiyini bəyan edib ki, bu da riskləri canlı saxlayır.

Neft qiymətlərinin dərhal düşməməsinin ən böyük səbəblərindən biri də investorların və sığorta şirkətlərinin psixoloji yanaşmasıdır. Ekspert Edvard Yardeni bildirir ki, münaqişə tam bitsə və boğaz açılsa belə, investorlar bu böhranı asanlıqla unuda bilməyəcəklər. İranın bu strateji keçid nöqtəsini (dünya neft ticarətinin təxminən 20%-nin keçdiyi boğazı) istənilən an yenidən bağlamaq rıçaqına sahib olması, birja qiymətlərində daimi bir "geosiyasi risk əlavəsi"nin qalmasına səbəb olacaq. Sığorta haqlarının baha qalması da xərcləri yüksək saxlayacaq.

MONETAR.AZ