Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda struktur böhranı kəskin iş yerləri itkisi ilə müşayiət olunur. Reuters agentliyinin beynəlxalq konsaltinq şirkəti EY (Ernst & Young) tərəfindən yayımlanan hesabata istinadən verdiyi məlumata görə, sektorda təxminən üç ildən sonra ilk dəfə satış artımı qeydə alınsa da, zavod və fabriklərdə işçi qüvvəsinin sürətlə ixtisarı prosesi dayandırılmayıb.
Analitiklər xəbərdarlıq edirlər ki, mövcud iqtisadi təzyiqlər fonunda ölkədəki bir çox sənaye müəssisələri və zavodlar tamamilə qapanmaq riski ilə üz-üzədir.
EY-nin apardığı araşdırma Almaniya sənayesindəki məşğulluq böhranının miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur. 2026-cı ilin birinci rübünün yekunlarına əsasən, Almaniyanın sənaye müəssisələrində çalışanların ümumi sayı son bir ildə 127 300 nəfər (və ya 2,3%) azalıb.
COVID-19 pandemiyasından əvvəlki dövrlə (2019-cu il) müqayisədə sektor ümumilikdə 341 500 iş yerini itirib. Bu isə işçi qüvvəsinin 6%-dən çoxunun ixtisara düşməsi deməkdir. Başqa sözlə desək, hazırda Almaniya sənayesində hər 17 iş yerindən biri tamamilə ləğv edilib.
Almaniya iqtisadiyyatının və mühəndisliyinin vizit kartı hesab olunan avtomobil sənayesi builki böhranın mərkəzində yer alıb. Struktur transformasiyası (elektromobillərə keçid) və baha enerji xərcləri qədim avtozavodları çətin vəziyyətdə qoyub.
2019-cu ildən bəri ölkənin avtomobil sektorunda təxminən 125 800 iş yeri qapadılıb. Ən qorxulusu isə odur ki, bu itkilərin 32 mini yalnız son bir ilin payına düşür.
EY analitikləri qeyd edirlər ki, son ixtisar dalğası uzun müddət davam edən zəif satış dinamikasının gecikmiş acı nəticəsidir. Bununla belə, 2026-cı ilin ilk rübünün makroiqtisadi göstəricilərində müəyyən bir dönüş nöqtəsi müşahidə olunub. Ardıcıl 10 rüb (2,5 il) davam edən kəskin geriləmədən sonra, sənaye satışları illik ifadədə 1,7% artım nümayiş etdirib.
Lakin EY eksperti Yan Brorxilker bu artımın aldadıcı olduğunu və sənayenin ümumi sağalması mənasına gəlmədiyini bildirib: "Üç illik davamlı geriləmədən sonra tətbiq edilən bu kütləvi ixtisarlar artıq alman şirkətlərinin əsas dayaq sütunlarına zərbə vurur. Qeydə alınan 1,7%-lik müsbət dinamika demək olar ki, yalnız metallurgiya sənayesinin hesabına baş verib. Digər strateji istehsal sahələrinin əksəriyyəti hələ də güclü maliyyə və rəqabət təzyiqi altındadır".
Ekspertlərin rəyinə görə, yaxın perspektivdə iş yerlərinin daha da ixtisar olunması və yeni işsizlik dalğasının yaranması riski olduqca yüksəkdir. Avropada daxili istehlak tələbatının zəif olması, qlobal miqyasda (xüsusilə ABŞ və Çin kimi əsas ixrac bazarlarında) yaşanan rəqabət problemləri və zavodların daxilində yaranan izafi (artıq) istehsal gücləri alman sənayeçilərini küncə sıxışdırıb.
Əgər yaxın aylarda köklü iqtisadi islahatlar və xərc optimallaşdırılması baş verməzsə, bir çox yerli korporasiyalar Almaniya daxilindəki bəzi zavod və istehsal xətlərini tamamilə qapatmağı və ya istehsalı daha ucuz ölkələrə köçürməyi ciddi şəkildə nəzərdən keçirmək məcburiyyətində qalacaqlar.
MONETAR.AZ