İran neftinin ən böyük alıcıları Hörmüz boğazından asılı vəziyyətə düşüb

İran neftinin ən böyük alıcıları

Şərqi və Cənubi Asiya ölkələri – ilk növbədə Çin, Hindistan, Yaponiya və Cənubi Koreya – İran neftindən və Yaxın Şərq “qara qızıl”ının Hörmüz boğazı vasitəsilə daşınmasından ən çox asılı olan ölkələrdir. Bu barədə Rusiya mətbuatına danışan ekspertlər bildiriblər.

Məlumata görə, Hörmüz boğazından gündəlik təxminən 20 milyon barel neft daşınır ki, bu da dünya üzrə ümumi istehlakın təxminən beşdə birini təşkil edir. Ekspertlərin fikrincə, bir sıra Asiya ölkələrinin neft idxalında Yaxın Şərq regionunun payı 60–70 faizdən çoxdur. Bu səbəbdən bölgədə yaranan hər hansı gərginlik və ya nəqliyyatın məhdudlaşdırılması qlobal qiymətlərə dərhal təsir göstərir.

Xatırladaq ki, İranın Silahlı Qüvvələrinin tərkib hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən gəmilər üçün marşrutun təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra İran rəsmiləri boğaz vasitəsilə ticarətin növbəti bildirişədək mümkünsüz olduğunu bəyan ediblər.

Mütəxəssislər hesab edirlər ki, neft tədarükündə mümkün fasilələr ilk növbədə Asiya bazarlarına təsir göstərəcək. Avropa ölkələrinin İran neftindən birbaşa asılılığı nisbətən az olsa da, qiymət artımı və logistik çətinliklər region iqtisadiyyatına da mənfi təsir edə bilər.

Eyni zamanda, bəzi analitiklər alternativ mənbələrin, o cümlədən digər ixracatçı ölkələrin qısa müddətdə hasilatı tələb olunan həcmdə artırmaq imkanlarının məhdud olduğunu bildirirlər. Bu isə qlobal enerji bazarında qeyri-müəyyənliyi daha da gücləndirir.

MONETAR.AZ