Qazaxıstanda Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) neft kəməri ilə yanacağın nəqlində heç bir problem yoxdur. Bunu respublikanın energetika naziri Erlan Akkenjenov bildirib.
“Xeyr, hazırda nəql ilə bağlı heç bir problem yoxdur”, deyə Akkenjenov jurnalistlərə açıqlamasında bildirib (İnterfaks-a istinadla). O, həmçinin Tengiz yatağında neft hasilatının tam güclə bərpa olunduğunu qeyd edib.
KTK Qazaxıstandakı Tengiz yatağından hasil olunan neftin əsas ixrac marşrutudur və onu Rusiyanın Novorossiysk limanı ilə birləşdirir. Qazaxıstan neftinin 80 faizindən çoxu məhz KTK vasitəsilə nəql olunur, bu da Tengiz və digər yataqlardan xammalın dünya bazarlarına çatdırılmasını təmin edir.
2025-ci il noyabrın 25-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Novorossiyskdə KTK terminalına zərbə endirmişdi. Dəniz terminalının infrastrukturu və inzibati binası zədələnmişdi. Neftin yüklənməsi ertəsi gün bərpa olunmuş, dağıdılmış körpü isə sökülmüşdü. Yanvarın 18-də Tengizdə transformator yanmış, bundan sonra yataqda neft hasilatı müvəqqəti dayandırılmışdı. Yanvarın 26-da isə hasilat yenidən bərpa olunub.