Rumıniya tərəfi Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüsündə iştirak etmək arzusunu ifadə edib.
Bu barədə "Report" Azərbaycan Energetika Nazirliyi tərəfindən 2025-ci ildə görülmüş işlərə dair hesabata əsasən xəbər verir.
Vurğulanıb ki, 2025-ci ilin 4 aprel tarixində Bakı şəhərində layihə çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Həmin görüşdə Azərbaycanın Energetika Nazirliyi, Bolqarıstanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, eləcə də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarəti ilə bağlı Anlaşma Memorandumu imzalanaraq, qarşıda duran işlərin qrafiki təsdiqlənib.
Mövcud proseslərlə əlaqədar olaraq, 4 aprel 2025-ci il tarixli Anlaşma Memorandumuna düzəliş edilməsi üçün Türkiyə tərəfindən Protokol layihəsi hazırlanıb. Hazırda həmin sənəd tərəflər arasında nəzərdən keçirilməkdədir. Bundan əlavə, Türkiyə tərəfinin hazırladığı layihə üzrə Texniki Tapşırıqlar (ToR) sənədinin layihəsi də iştirakçı ölkələr arasında razılaşdırılma mərhələsindədir.