SOCAR və BP Xəzərdə birgə tədqiqatlar barədə razılığa gəlib

SOCAR və BP Xəzərdə birgə tədqiqatlar barədə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın BP şirkəti Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, tərəflər əvvəlcədən toplanmış məlumatların inteqrasiyası və vahidləşdirilməsi yolu ilə regional psevdо-3D seysmik kubun yaradılması üçün innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl seysmik tədqiqat həyata keçirəcəklər. Qeyd olunur ki, bu, Xəzər dənizinin Azərbaycan sektorunda bu tip ilk layihə olacaq.

Formalaşdırılacaq psevdо-3D seysmik həcm ayrı-ayrı 2D seysmik profillərdən asılılığın azalması hesabına regional geoloji interpretasiyanın keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bu yanaşma hövzə miqyasında 3D xəritələşdirmə aparmağa, neft-qaz perspektivlərinin daha dərindən anlaşılmasına və Xəzər hövzəsində gələcək layihələrin icrası zamanı geoloji-kəşfiyyat risklərinin azaldılmasına imkan verəcək.

Əməkdaşlıq çərçivəsində SOCAR BP-yə 2D seysmik profillər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək. BP isə seysmik materialların emalını və nümunələr üzrə laboratoriya analizlərinin aparılmasını təmin edəcək. Psevdо-3D seysmik massiv müasir texniki imkanlara və bu texnologiyanın tətbiqində təsdiqlənmiş təcrübəyə malik podratçı şirkət tərəfindən formalaşdırılacaq.