Hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Günü qeyd edilir. Bu əlamətdar gün BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlament tərəfindən təşəbbüs göstərilib və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan mütəxəssislərin peşə bayramı kimi qeyd olunur.
26 noyabr 1992-ci il tarixində I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumda dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə qərar qəbul olunub ki, hər il bu tarixdə Ümumdünya İnformasiya Günü qeyd edilsin. Rəsmi olaraq bu gün 1994-cü ildə YUNESKO tərəfindən təsdiqlənib.
Mütəxəssislər bildirirlər ki, informasiya cəmiyyətinin formalaşması, İKT-nin inkişafı və qloballaşan dünyada informasiya mübadiləsi XXI əsrin ən vacib məsələlərindən biridir. Ümumdünya İnformasiya Günü həm də informasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin xidmətini təqdir etməyə, elmi-tədqiqat işlərini təşviq etməyə yönəlib.
Monetar.az