Bankların sənaye və ticarətə ayırdığı kreditlər azalıb

Bankların sənaye və ticarətə ayırdığı

Azərbaycanda bankların biznes kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Mərkəzi Bankın məlumatına görə  biznes kreditləri 2024-cü ilin sonunda 14,8 milyard manat olduğu halda, 2025-ci ilin oktyabrında 15,6 milyard manata yüksəlib. Bu, 0,84 milyard manat və ya 5,7 faiz artım deməkdir.

Artım əsasən kənd təsərrüfatı, nəqliyyat, tikinti, eləcə də informasiya və rabitə sahələri hesabına formalaşıb. Kənd təsərrüfatına verilmiş kreditlər 2024-cü ilin sonundakı 1,79 milyard manatdan 2025-ci ilin oktyabrında 1,99 milyard manata yüksələrək 0,20 milyard manat və ya 11,4 faiz artıb.

Nəqliyyat sektorunda daha yüksək dinamika müşahidə olunub. Kredit portfeli 1,46 milyard manatdan 1,79 milyard manata qalxaraq 0,33 milyard manat və ya 22,8 faiz artıb.

Tikinti sahəsi üzrə kredit həcmi 1,37 milyard manatdan 1,51 milyard manata yüksəlib – bu isə 0,14 milyard manat və ya 10,4 faiz artım deməkdir. İnformasiya və rabitə sektorunda kredit portfeli 0,64 milyard manatdan 0,76 milyard manata qalxaraq 18,9 faiz artıb.

Bəzi sahələrdə isə cüzi azalma qeydə alınıb. Sənaye sektorunda kredit portfeli 2,71 milyard manatdan 2,69 milyard manata düşərək 0,7 faiz azalıb. Ticarət sektorunda kreditləşmə də az fərqlə geriləyib – 4,25 milyard manatdan 4,24 milyard manata enib ki, bu da 0,2 faiz azalma deməkdir. Digər qeyri-istehsal və xidmət sahələrində isə kredit portfeli 2,58 milyard manatdan 2,64 milyard manata yüksələrək 2,6 faiz artım qeyd edib.

MONETAR.AZ