Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələri ilə bağlı səlahiyyətli qurum olacaq. Bu dəyişiklik Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə 31 oktyabr 2025-ci il tarixli Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, ölkə üzrə müntəzəm sərnişin daşımalarını həyata keçirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə olunması və saxlanılması AYNA-ya tapşırılıb.
Qeyd edək ki, indiyədək Agentliyin bu sahədəki səlahiyyəti yalnız Bakı şəhərinin inzibati ərazisi ilə məhdudlaşırdı. Yenilik AYNA-nın funksiyalarını genişləndirir və dayanacaq infrastrukturunun vahid standartlar əsasında ölkə üzrə idarə edilməsinə imkan yaradır.
Fərmanın tətbiqi ilə regionlarda dayanacaq məntəqələrinin təşkili, yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində daha sistemli fəaliyyətin həyata keçirilməsi gözlənilir. Bu addım həmçinin sərnişindaşıma xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının artırılmasına xidmət edəcək.
MONETAR.AZ