Oktyabr ayında Çinin sənaye sektoru gəlirlərdə kəskin geriləmə ilə üzləşib. Sənaye müəssisələrinin mənfəəti illik müqayisədə 5,5% azalıb. Bu, iyundan bəri ən zəif nəticədir, deyə CNBC bildirir.
İlin ilk on ayında iri sənaye şirkətlərinin ümumi mənfəəti 1,9% artıb ki, bu da yanvar–sentyabr dövründəki 3,2%-lik göstərici ilə müqayisədə yavaşlamanı göstərir.
Oktyabr ayındakı geriləmənin əsas səbəbi ABŞ-la ticarət münasibətlərinin kəskinləşməsi olub. Vaşinqton ixrac nəzarətini sərtləşdirib, Donald Tramp isə Çin idxalına əlavə 100%-lik rüsumlar tətbiq etməklə hədələyib. Yalnız ayın sonunda iki supergücün Cənubi Koreyada keçirilən görüşdə razılaşma əldə etməsi vəziyyəti sabitləşdirib.
Regiondakı gərginlik də əlavə risk yaradır: bu ay Çin Tayvan ətrafında diplomatik münaqişə fonunda Yaponiyadan dəniz məhsullarının idxalına tam qadağa qoyacağını bildirib.
Sektorlara gəlincə, ən böyük düşüş mədən sənayesində qeydə alınıb.Mənfəət 27,8% azalıb. Emal sənayesi isə əksinə, 7,7% artım göstərib, avtomobil sənayesində isə artım 4,4% təşkil edib.
Çin Milli Statistika Bürosunun baş statistiki Yu Veynin oktyabr geriləməsini ötən ilin yüksək bazası və şirkət xərclərinin tez artması ilə izah edib.
Oktyabr statistikası dünyanın ikinci ən böyük iqtisadiyyatında vəziyyətin çətin olduğunu göstərir. İşgüzar fəallıq indeksi (PMI) 49-a düşərək son altı ayın minimumunu görüb (50-dən aşağı göstərici tənəzzülü bildirir). Pərakəndə satışlar cəmi 2,9% artıb. Bu, bir ildən çox müddətdə ən zəif artımdır. Əsas kapital qoyuluşları isə 10 ayda 1,7% azalıb. Belə gerilmə pandemiyanın pik dövrü olan 2020-dən bəri olmayıb.
İqtisadçılar hesab edirlər ki, Pekin genişmiqyaslı stimullardan çəkinəcək, çünki iqtisadiyyat hələ də “təxminən 5%” artım hədəfinə doğru irəliləyir.
Macquarie Group-dan Larri Xu bildirir: “Siyasətçilər nə planı aşmaq, nə də geridə qalmaq istəyirlər”. Onun fikrincə, 2026-cı ildə iqtisadiyyat ixrac hesabına 5% artmaqda davam edəcək, lakin daxili tələbin zəif olması səbəbilə deflyasiya təzyiqi qalacaq.
MONETAR.AZ