Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov ölkədə bank və sığorta sektorlarının inteqrasiyası perspektivlərinə dair çıxışında bank sektorunun sığorta inklüzivliyinin artırılmasında əsas vasitə olduğunu bildirib.
Tədbir Amerika Ticarət Palatasının (“AmCham”) təşəbbüsü ilə Bakıda keçirilib və “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusuna həsr olunub.
Rüstəm Tahirov qeyd edib ki, 2023-cü ildə dünyada “Bancassurance” (bank vasitəsilə sığorta xidmətləri) bazarının həcmi 1,4 trilyon ABŞ dolları təşkil edib və 2030-cu ilə qədər 2 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır: “Bir sıra ölkələrdə ‘Bancassurance’ sürətlə inkişaf edən seqmentdir. Bu potensialın ölkəmizdə də istifadə edilməsi strateji hədəfimizdir. Azərbaycan bank əsaslı maliyyə sistemi ilə xarakterizə olunur, banklar isə dominant oyunçulardır. Maliyyə sektorunun 94%-i bank sektorundan ibarətdir.”
AMB rəsmisi həmçinin vurğulayıb ki, bank sektorunun geniş şəbəkəsi və müştəri bazası sığorta məhsullarının kütləvi şəkildə yayılmasını təmin edə biləcək. Bu yanaşma maliyyə inklüzivliyinin artırılması və sığorta bazarının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
MONETAR.AZ