Son illərdə sosial media, onlayn alış-veriş platformaları və mağazaların təsiri ilə istehlak sürətlə artmaqdadır. Xüsusilə Qara Cümə endirimlərinin artıq bütün həftəyə yayılması həddindən artıq alış-verişi daha da gücləndirir. Bu meylə qarşı beynəlxalq səviyyədə keçirilən “Heç nə Almama Günü” təşəbbüsü isə getdikcə daha böyük diqqət qazanır.
Qara Cümə ilə eyni gündə qeyd olunan bu xüsusi gün insanları 24 saat ərzində həm fiziki, həm də onlayn alış-verişdən uzaq durmağa çağırır. Təşəbbüsün məqsədi istehlakın ətraf mühitə və cəmiyyətə təsirinə diqqət çəkmək, tullantıların və istehsal-daşınma proseslərindən yaranan karbon izinin azaldılmasına töhfə verməkdir.
Bu gün iştirakçıları alış-veriş etmək əvəzinə ailə və dostlarla vaxt keçirməyə, təbiətdə gəzməyə və ictimai fəaliyyətlərə qatılmağa təşviq edir. Eyni zamanda ikinci əl məhsulların istifadəsi və xeyriyyə təşkilatlarına dəstək çağırışları tullantıların azalmasına və ehtiyacı olanlara yardım göstərilməsinə imkan yaradır.
Mövzu sosial mediada da geniş müzakirə olunur. Bir qrup istifadəçi qənaətin və şüurlu istehlakın vacibliyini vurğulasa da, digərləri kiçik alışların insanların artan iqtisadi çətinliklər fonunda bir növ təsəlli vasitəsinə çevrildiyini bildirir.
Təşkilatçılar qeyd edirlər ki, “Heç nə Satın Almama Günü” sadəcə bir günlük aksiya deyil, istehlak vərdişlərini yenidən düşünməyə çağıran sosial və ekoloji məsuliyyət təşəbbüsüdür.
Monetar.az