ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar üzrə mümkün razılaşmadan hələlik məmnun olmadıqlarını bildirib və sənədin “qüsursuz” olması lazım olduğunu deyib.
Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında jurnalistlərin suallarını cavablandıran Tramp İranın razılaşma əldə etməkdə maraqlı olduğunu vurğulayıb.
“İran bu məsələdə kifayət qədər qətiyyətlidir, onlar razılaşma əldə etmək istəyirlər. İndiyədək buna nail ola bilməyiblər. Biz bundan məmnun deyilik, amma məmnun olacağıq. Ya bunu həyata keçirəcəyik, ya da məsələni tamamilə həll etməli olacağıq. Bu razılaşma qüsursuz olmalıdır”, – deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, ABŞ İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının Rusiya və ya Çin tərəfindən qəbul edilməsi ehtimalından narahatdır.
ABŞ prezidenti həmçinin İranla mümkün razılaşma çərçivəsində Hörmüz boğazının bütün ölkələr üçün açıq qalacağını və heç bir dövlətin nəzarətinə verilməyəcəyini qeyd edib.
“Biz oranı nəzarətdə saxlayacağıq, amma heç kim idarə etməyəcək. Bu, danışıqlarımızın bir hissəsidir. Onlar nəzarət etmək istəyirlər. Heç kim nəzarət etməyəcək. Ora beynəlxalq sulardır və Oman da digərləri kimi davranacaq, əks halda onları məhv etməli olacağıq”, – deyə Tramp vurğulayıb.
Tramp çıxışında həmçinin Abraham Accords prosesinə region ölkələrinin qoşulmasının vacibliyini qeyd edib. O, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər Yaxın Şərq ölkələrinin bu təşəbbüsə qoşulmasının tarixi nəticələr verə biləcəyini bildirib.
MONETAR.AZ