2025-ci ilin dördüncü rübündə Avstraliya iqtisadiyyatı son üç ildə ən sürətli templə artıb. Buna dayanıqlı özəl tələbin və hökumətin infrastruktur və müdafiə sahələrinə xərclərinin artması səbəb olub.
Çərşənbə günü Avstraliya Statistika Bürosunun açıqladığı məlumata görə, dekabrın 31-də başa çatan üç ay ərzində ümumi daxili məhsul (ÜDM) illik ifadədə 2,6% artıb. Bu göstərici əvvəlki rübdə qeydə alınan 2,1% səviyyəsində qalacağına dair gözləntiləri üstələyib.
ÜDM rüblük ifadədə 0,8% artıb ki, bu da 0,7% səviyyəsindəki proqnozdan yüksəkdir. Artım əsasən istehlak xərclərinin sabit qalması hesabına baş verib: rüb ərzində istehlak xərcləri 0,3% artıb. “Qara Cümə” kimi ticarət tədbirləri, eləcə də çoxsaylı idman və konsert tədbirləri könüllü (diskresion) xərclərin artmasına töhfə verib.
İstehlak xərcləri qismən hökumətin elektrik enerjisinə verdiyi subsidiyalarla dəstəklənib. Kanberra yüksək enerji qiymətlərinin təsirini azaltmaq üçün müdaxilə edib.
Bu isə rüb ərzində dövlət xərclərinin 0,9% artmasına gətirib çıxarıb. Xüsusilə nəqliyyat infrastrukturu və müdafiə aktivlərinə yönələn federal investisiyalar bu tendensiyanı formalaşdırıb.
Avstraliyanın əsas dağ-mədən sektoru da rüb ərzində 2,6% artaraq ÜDM-in artımına 0,3 faiz bəndi töhfə verib. ABS-in məlumatına görə, xammal qiymətlərinin yüksəlməsi də dağ-mədən şirkətlərinə müsbət təsir göstərib.
MONETAR.AZ