Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın yaxın dövrdə ciddi sarsıntılarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Fondun rəhbəri Kristalina Georgiyeva bildirib ki, Yaxın Şərqdə artan hərbi gərginlik dünya iqtisadiyyatı üçün əsas risklərdən birinə çevrilib. Onun sözlərinə görə, münaqişənin genişlənməsi enerji qiymətlərinin artmasına, inflyasiyanın yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.
K.Georgiyeva qeyd edib ki, regionda baş verən hadisələr artıq qlobal iqtisadi fəaliyyətə təsir göstərməyə başlayıb. Xüsusilə beynəlxalq nəqliyyat və turizm sektorunda müəyyən çətinliklər müşahidə olunur. Qlobal enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranmış gərginlik isə neft daşımaları üçün əlavə risk yaradır.
BVF rəhbərinin sözlərinə görə, enerji bazarlarında qeyri-müəyyənliyin artması qlobal iqtisadi artım üçün ciddi təhlükə hesab olunur. Yüksələn enerji xərcləri inflyasiya təzyiqlərini gücləndirə və maliyyə bazarlarında qeyri-sabitliyi artıra bilər.
BVF-nin əvvəlki proqnozlarına görə 2026-cı ildə qlobal iqtisadi artımın 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz səviyyəsində olacağı gözlənilir. Lakin Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda Fondun növbəti hesabatlarında bu göstəricilərin yenidən nəzərdən keçirilə biləcəyi istisna edilmir.
Ekspertlər bildirirlər ki, geosiyasi risklərin artması investorların daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Bu şəraitdə qlobal maliyyə bazarlarında dalğalanmaların artacağı ehtimal edilir.
MONETAR.AZ