Dünya iqtisadiyyatının mərkəzi dəyişir

Dünya iqtisadiyyatının

2026-cı ildə dünya iqtisadiyyatının ümumi həcmi alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə hesablamalara əsasən 219 trilyon ABŞ dollarına çatıb. Bu göstərici ölkələrin real alıcılıq gücünü nəzərə almaqla qlobal iqtisadi güc balansının yeni mənzərəsini ortaya qoyur.

Hesablamalara görə, Çin 43,5 trilyon dollar ÜDM ilə dünyanın ən böyük iqtisadiyyatı olaraq lider mövqeyini qoruyur. ABŞ 31,8 trilyon dollarla ikinci, Hindistan isə 19,1 trilyon dollarla üçüncü yerdə qərarlaşıb.

Reytinqdə dördüncü yeri 7,34 trilyon dollar ÜDM ilə Rusiya tutur və bu göstərici ilə ölkə Avropanın ən böyük iqtisadiyyatı hesab olunur. Siyahıda növbəti pillələrdə isə Yaponiya (6,92 trilyon dollar) və Almaniya (6,32 trilyon dollar) qərarlaşıb.

Analitiklərin qiymətləndirmələrinə görə, qlobal iqtisadi gücün əsas mərkəzi getdikcə Asiya qitəsinə doğru yönəlir. Hazırda Asiya dünya iqtisadiyyatının təxminən yarısını formalaşdırır. Regionda xüsusilə Çin, Hindistan, Yaponiya, İndoneziya və Cənubi Koreya iqtisadi artım tempinə görə seçilir.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, Vyetnam və Tayland kimi inkişaf edən ölkələr də sürətli iqtisadi artım potensialı ilə diqqət çəkir.

Digər regionlara gəldikdə isə, Avropada nominal ÜDM üzrə lider mövqeyi Almaniya qorusa da, PPP ölçüsünə görə Rusiya qitənin ən böyük iqtisadiyyatıdır. Amerika qitəsində isə Braziliya və Meksika iqtisadi göstəricilərinə görə Kanadanı geridə qoyaraq regionun əsas iqtisadi güclərindən hesab olunur.

Afrika qitəsində isə Misir, Nigeriya və Cənubi Afrika Respublikası birlikdə təxminən 6 trilyon dollarlıq iqtisadi potensiala malikdir.

2026-cı il üçün alıcılıq qabiliyyəti paritetinə əsasən dünyanın 10 ən böyük iqtisadiyyatı aşağıdakılardır: Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya, Almaniya, İndoneziya, Braziliya, Fransa və Böyük Britaniya.

Ekspertlərin fikrincə, alıcılıq qabiliyyəti göstəricisi ölkələrdə həyat səviyyəsini və daxili bazarın real gücünü daha dəqiq əks etdirir. Bu baxımdan hazırkı statistika qlobal istehsal və ticarət mərkəzlərinin getdikcə Asiya regionuna yönəldiyini göstərir. 

MONETAR.AZ