Minik avtomobillərində elektrik əyləclər tətbiq oluna bilər

Minik avtomobillərində elektrik əyləclər

Exeed iri seriyalı istehsalda elektrome­xaniki əyləclər (tormozlar) (EMB) texnologiyasını tətbiq edən ilk avtomobil istehsalçılarından biri olacaq. Söhbət əyləc qüvvəsinin ənənəvi hidravlik konturlar olmadan, elektrohərəkətvericilər və idarəedici elektronika vasitəsilə yaradılıb ötürüldüyü sistemdən gedir.

Bu cür həllərə keçid Çində artıq normativ səviyyədə də təsbit edilib. 1 yanvar 2026-cı ildən qüvvəyə minən GB21670-2025 sənaye standartı minik avtomobillərinin tormoz sistemləri üçün texniki tələbləri və sınaq metodlarını müəyyənləşdirir. Sənəd yalnız elektrik enerjisi mənbəyi ilə işləyən elektrik tormoz sistemləri anlayışını təqdim edir, ehtiyatlandırma, etibarlılıq və təhlükəsizlik tələblərini müəyyənləşdirir. Bu standart üzrə sertifikatlaşdırmadan sonra avtomobil istehsalçıları EMB sistemlərini seriyalı avtomobillərə quraşdıra biləcəklər.

Gözlənilir ki, oxşar sistem yaxın vaxtlarda Exeed-in Exlantix ET elektromobillərində də tətbiq olunacaq. Bu modellər artıq GB21670-2025 standartına uyğun sınaqlardan keçib və 2026-cı ildə EMB ilə təchiz olunmaq üçün potensial namizədlər sayılır.

Eyni zamanda EMB komponentlərinin təchizatçıları da sənaye miqyaslı istehsala hazırlaşırlar. Ümumilikdə avtomobil sənayesi elə bir şassi konsepsiyasına doğru irəliləyir ki, burada tormozlar, sükan idarəetməsi və stabilləşdirmə sistemləri “rəqəmsal” olacaq. Bu isə pilotsuz avtomobillərin yaradılması üçün vacibdir. Lakin texnologiyanın kütləvi yayılmasını hələlik mühəndislik amilləri məhdudlaşdırır: ötürücülərin məhsuldarlığı, funksional təhlükəsizlik, ehtiyatlandırma və maya dəyəri. Məhz bu parametrlər EMB-nin ilk seriyalı modellərdən geniş yayılmaya nə qədər tez keçəcəyini müəyyən edəcək.

MONETAR.AZ