Uber şirkəti tətbiq vasitəsilə hava taksisi sifariş etmək imkanını elan edib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib. Aerotaksinin işə salınması üçün Uber, bu ilin sonuna qədər Dubayda bu növ nəqliyyatla daşımaları başlatmağı planlaşdıran Joby Aviation hava taksisi xidməti ilə əməkdaşlıq qurub.
Hava taksisi dörd sərnişinə qədər tutuma malik olacaq və kommersiya pilotları tərəfindən idarə ediləcək. Dubayda dörd eniş-qalxış meydançasının yaradılması planlaşdırılır. Onlar şəhərin beynəlxalq hava limanında, ticarət mərkəzində, Palm Cümeyra adasındakı bir hoteldə və Dubay Amerika Universitetində yerləşəcək.
Gələcəkdə Uber və Joby hava taksisi xidmətini Nyu-York, Los-Anceles, Böyük Britaniya və Yaponiyada da istifadəyə verməyi planlaşdırır.
Məlumatda qeyd olunur ki, ABŞ şəhərlərində bu planların reallaşdırılması üçün şirkətlər ABŞ Federal Mülki Aviasiya Administrasiyasından sertifikat almalı və sınaqlardan keçməlidirlər. Daha əvvəl Tokioda Yaponiyanın SkyDrive şirkəti tərəfindən hazırlanmış uçan avtomobilin ilk sınaq uçuşunun keçirildiyi bildirilmişdi.
MONETAR.AZ