ABŞ və Böyük Britaniyanın aparıcı birja operatorları həftənin beş günü ticarət müddətini gündə ən azı 23 saata çatdırmağı planlaşdırırlar. Dəyişikliklər xarici investorların artan tələbatı və ənənəvi fond bazarlarının fasiləsiz işləyən rəqəmsal platformalarla rəqabəti ilə əlaqələndirilir.
Monetar.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, birjaların iş qrafikinin genişləndirilməsi investorların ABŞ və Britaniya səhmləri ilə daha uzun müddət ərzində əməliyyat aparmasına imkan verəcək.
Uzun illər ərzində ABŞ səhmləri ilə əsas ticarət Nyu-York vaxtı ilə saat 09:30-dan 16:00-dək aparılıb. Bununla yanaşı, səhər saat 04:00-dan və axşam saat 16:00-dan 20:00-dək əlavə ticarət sessiyaları da mövcud olub. Lakin bu dövrlərdə əməliyyatların çeşidi və bazar aktivliyi nisbətən məhdud qalıb.
Yeni plana əsasən, “Nasdaq” və “NYSE Arca” dekabrın 6-dan gecə ticarəti sessiyasını tətbiq etməyi nəzərdə tuturlar. Bu sessiya saat 21:00-dan növbəti gün saat 04:00-dək davam edəcək. Hər iki birja texniki xidmət və əməliyyatların emalı üçün gecə ərzində bir saatlıq fasilə verəcək. “NYSE”nin əsas ticarət meydançası isə hələlik əvvəlki qrafiklə işləyəcək.
London Fond Birjası (LSE) da 2027-ci ildə “LSE 24” adlı platformanı istifadəyə verməyi planlaşdırır. Platforma vasitəsilə müəyyən qiymətli kağızlarla London vaxtı ilə saat 17:00-dan növbəti gün saat 07:50-dək ticarət aparmaq mümkün olacaq.
Ticarət saatlarının genişləndirilməsi istiqamətində tənzimləyici və infrastruktur qurumları da addımlar atırlar. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) apreldə “Nasdaq”ın müvafiq müraciətini təsdiqləyib. İyun ayında isə klirinq şirkəti “Depository Trust & Clearing Corp.” (DTCC) həftənin beş günü fasiləsiz fəaliyyət rejiminə keçib, qiymətli kağızlar üzrə məlumat sistemlərinin iş saatlarının uzadılmasına da icazə verilib.
Birjaların iş qrafikinin dəyişdirilməsinin əsas səbəblərindən biri ABŞ bazarına xarici investorların marağıdır. Ticarət saatlarının uzadılması, xüsusilə Asiyada fəaliyyət göstərən investorların gecə saatlarında oyaq qalmadan ABŞ səhmləri ilə öz yerli iş vaxtlarında əməliyyat aparmasına şərait yarada bilər.
Təqdim olunan məlumatlara görə, gecə ticarətində dövriyyənin təxminən 37 faizi ABŞ-dan kənarda yerləşən investorların payına düşür. Əsas ticarət saatlarında isə bu göstərici təxminən 10 faizdir.
Gecə sessiyalarının ümumi bazar dövriyyəsindəki payı hələlik təxminən 1 faiz səviyyəsində olsa da, 2026-cı ilin avqustunadək olan 12 ay ərzində bu ticarətin həcmi üç dəfədən çox artıb. “Robinhood” və “Charles Schwab” kimi brokerlər də müəyyən qiymətli kağızlar üzrə gecə ticarəti xidmətləri təklif edirlər.
Ənənəvi birjaların iş saatlarını uzatmasına təsir göstərən digər amil kriptovalyuta bazarının fasiləsiz fəaliyyətidir. “Coinbase” və “Binance” kimi platformalar həftənin yeddi günü, günün 24 saatı əməliyyat aparmağa imkan verir.
Bu model investorların bazarlara istənilən vaxt çıxış əldə etmək gözləntilərini gücləndirib. “Kalshi” və “Polymarket” kimi proqnoz bazarlarının, eləcə də kriptovalyuta platformalarında müddətsiz fyuçers müqavilələrinin (perpetual contracts) populyarlaşması ənənəvi birjalar üçün rəqabəti artırır.
Oxşar dəyişikliklər digər ölkələrdə də müşahidə olunur. Məsələn, Cənubi Koreyanın əsas fond birjası xarici investorlar üçün imkanları genişləndirmək məqsədilə ticarət saatlarının uzadılması istiqamətində addımlar atır.
Beləliklə, birjaların daha uzun iş rejiminə keçidi qlobal kapital bazarlarında investorların dəyişən tələblərinə uyğunlaşmaq və rəqəmsal platformalarla rəqabət aparmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.